“Naxtel” niyə dördüncü mobil operator ola bilmədi?

Naxçıvan şirkətinə lisenziya verilməsi üçün uzun müddət hazırlıq getsə də, sonda təkliflər rədd edilib

Beş il ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxtel” şirkəti mobil rabitə bazarına girə bilməyib. Belə ki, Naxçıvan ərazisində simsiz rabitə xidməti göstərən “Naxtel”ə mobil operator kimi fəaliyyətə başlaması üçün lisenziya veriləcəyi deyilsə də, nəticə gözlənilən olmayıb. 
 
Ölkənin mobil rabitə bazarına dördüncü operatorun gəlişi ilə bağlı bir ildən artıq idi ki, söhbətlər yayılmışdı. 2014-cü ilin sonuna qədər şirkətə lisenziya veriləcəyi barədə rəsmilər dəfələrlə açıqlama da vermişdilər. Bir müddət əvvəl muxtar respublikanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilmişdi ki, ilin sonuna kimi lazımi 4G avadanlıqları quraşdırıldıqdan sonra “Naxtel” mobil operator kimi fəaliyyətə başlayacaq. Həmçinin bildirilmişdi ki, “Naxtel” digər mobil operatorlardan fərqli olaraq 4 meqabit/saniyə  limitsiz internet verəcək. Yəni digər operatorlar 10 Mbt/S  internet  verirsə, limit bitəndən sonra sürət aşağı düşür. 
 
“Naxtel”də isə abonentlər ay boyunca limitsiz internetdən istifadə edə biləcəklər. Eyni zamanda bildirilirdi ki, mobil rabitə bazarında rəqabət yaratmaq üçün danışıq qiymətləri də digərlərinə nisbətən ucuz olacaq. 
 
Rəsmilər bir neçə dəfə bununla bağlı açıqlama verərək bildirmişdilər ki, “Naxtel” Azərbaycanın bütün ərazisində mobil rabitə xidmətini işə salmaq məqsədilə lisenziya almaq üçün tezliklə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edəcək. 
 
Bir müddət əvvəl rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da mətbuata açıqlamasında 4-cü mobil operator və lisenziyası barədə danışmışdı. O bildirmişdi ki, “Naxtel”in əsas fəaliyyətini Naxçıvanda görürlər: “Onların bütün Azərbaycan üzrə şəbəkə qurmağa elə də böyük imkanları yoxdur. Eyni zamanda ”Azercell", “Bakcell” və “Nar Mobile” birbaşa əlaqə olmadığından Naxçıvanda fəaliyyət göstərmək üçün 3-cü ölkənin ərazisindən keçirlər. Bu da orada qiymətlərə müəyyən qədər təsir edir. Naxçıvanın blokada şəraitində olduğunu nəzərə alsaq, yeni operatora lisenziyanın verilməsi orada qiymətlərin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə öz təsirini göstərəcək". Nazir deyib ki, Naxçıvanda CDMA texnologiyası ilə fəaliyyət göstərən “Naxtel” operatorunun da texnoloji inkişafa hüququ var. O qeyd edib ki, Azərbaycan vahid dövlət olduğu və tezlik vahid tənzimlədiyi üçün “Naxtel”in bütün Azərbaycan üzrə lisenziya almasına ehtiyac yaranıb. Qeyd edək ki, şirkət artıq Naxçıvan ərazisində 4G xidmətinin (LTE) verilməsi üçün lisenziya da alıb. 
 
"Bizim Yol"un yazdığına görə, il ərzində apardığı hazırlıqların sonunda “Naxtel” lisenziya üçün müraciət etsə də, rədd cavabı alıb. Baxmayaraq ki, şirkət hazırlıqları yekunlaşdırmış və bazara girmək üçün uyğun şərtlər, tariflər də irəli sürmüşdü. 
 
Çoxsaylı bəyanatlardan və vədlərdən sonra “Naxtel”in Azərbaycanın mobil rabitə bazarına girişi qadağan olundu. Bununla bağlı son olaraq Naxçıvanın rabitə və  yüksək texnologiyalar naziri Rövşən Məmmədov “Trend”ə bildirib ki, “Naxtel” CDMA standartlı simsiz rabitə operatoru bütün Azərbaycan ərazisində xidmət göstərməyəcək: “Şirkətin prioritet planı muxtar respublikada LTE şəbəkəsinin yerləşdirilməsidir. Operatorun bütün Azərbaycan ərazisində xidmət göstərəcəyi haqqında gedən söhbətlər həqiqətə uyğun deyil və xidmət, əvvəlki kimi, Naxçıvan Muxtar Respublikasının ərazisində göstəriləcək”.
 
Azərbaycanda 4-cü GSM operatoru olmağa iddialı olan şirkətə birdən-birə “yox” deyilməsi düşündürücüdür. Onun limitsiz internet və digər sərfəli təkliflərdən sonra rədd edilməsi isə sözügedən bazarda kimlərinsə xoşuna gəlməməsi kimi yozula bilər. 

Google+ WhatsApp ok.ru