‘Nisa’ surəsini oxumağın fəziləti

‘Nisa’ surəsini oxumağın fəziləti

 
 “Nisa” surəsi kəlmə və hərflərin sayı baxımından Qurani-Kərimin “Bəqərə” surəsindən sonra ən uzun surədir. Surənin ilk 35 ayəsində qadın hüquqları və ailə məsələləri bəyan olunduğundan surə “Nisa”, yəni “Qadınlar” adlandırılmışdır.
 
“Nisa” surəsində əsasən iman və ədalətə dəvətdən, keçmiş ümmətlərin tale və sərgüzəştlərindən ibrət götürmək, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılmasının zəruriliyindən, yetimlərin himayəsi, izdivacla bağlı qanunlar və irs hökmlərindən, ümumi əmlakın qorunmasını təmin edən ümumi qanunlardan, ictimai vəzifələr və hüquqlardan, İslam camiəsinin düşmənlərinin tanıtdırılması, onların müqabilində müsəlmanların oyaq olması və düşmənlərlə mübarizəyə təşviq edilməsindən, İslam quruluşu və ilahi rəhbərə itaətin zəruriliyindən, Allah yolunda hicrətdən danışılır.
 
“Nisa” surəsini oxumağın fəziləti haqda İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Hər kim “Nisa” surəsini oxusa, bu surənin məzmununa əsasən, hər bir müsəlmanın apardığı irs qədər sanki Allah yolunda infaq (xərc) etmişdir. Həmçinin ona bir qul azad edən şəxsin də savabı verilər.”
 
Aydındır ki, bu və buna bənzər rəvayətlərdə məqsəd yalnız ayələrin oxunuşu ilə kifayətlənmək deyil, üstəlik, ayələrin oxunuşu onların başa düşülməsi və dərk olunması üçün bir müqəddimə olmalı, bu da öz növbəsində fərdi və ictimai həyatda surə və ayələrdə bəyan olunan hökm və göstərişləri icra etmək üçün bir səbəb olmalıdır. Şübhəsiz, əgər bir müsəlman öz həyatında bu surənin hökm və göstərişlərindən ilhamlanarsa, dünyəvi nəticələrlə yanaşı, hədisdə deyilən savablara da sahib olacaqdır. (“Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.32; “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 3-cü cild, səh.241-243.)
 
Maide.Az – Maarif bölümü 
 

Google+ WhatsApp ok.ru