Artan intiharlar və səbəblər

Artan intiharlar və səbəblər

-- Ölkədə intihar halları 51 faiz artıb

"Azadlıq.info"da "Ölkədə intihar halları 51 faiz artıb" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
İqtisadçı-ekspert Nemət Əliyev ölkədə intiharların artmasını araşdırır:
 
"İntiharlar Belarusda 5%, Rusiyada 13% azaldığı halda, Azərbaycanda 51% artıb... Bəs intiharlar daha nə qədər artmalıdır ki, Prezident Administrasiyasının, hökumətin və parlamentin tükünü tərpədə bilsin? Axı, əhali sayına və coğrafiyasına görə kiçik bir ölkədə nə qədər intihar olar?"deyə müəllif sualı gündəmə daşıyır.
 
Müəllif ayrı-ayrı intihar halları ilə bağlı xəbər başlıqlarına da diqqət çəkərək bildirir: "Qobustanda 32 yaşlı kişi özünü asıb", "Hacıqabulda 23 yaşlı qadın intihar edib", "Yevlaxda itkin düşən şəxsin meyiti Göyçayda kanaldan tapılıb", "Neftçala sakini intihar edib", "Nişanlı gənc özünü asdı"," Lənkəranda 38 yaşlı kişi intihar edib", "Bakıda asılmış kişi meyiti tapılıb", "Gəncədə 18 yaşlı gənc özünü yandırdı" kimi bitib-tükənməyən məlumatlar son 8-10 gündə bütün mətbuatı başına alıb. Amma baş verənlərə görə məsuliyyət daşıyanların birinin də səsi çıxmır".
 
Müəllif əldə edilən informasiyalara istinadən deyir ki, artıq arxada qalmış 2017-ci ildə intiharların (tamamlanmış suisid) sayı 2016-cı ilə nəzərən 51% artaraq 327 nəfərdən 495 nəfərə çatıb.
 
Müəllif iddia edir ki, amma bu qədər intihar artımının rəsmi dairələrə elə də təsiri olmayıb.
 
Yazı müəllifi ironik olaraq intihar artımının özünü də bir cür "analoqsuzluq" adlandırır: "İntiharların nisbətən yüksək olduğu Rusiyada bu göstərici ötən il 13% (23,1 min nəfərdən 20,1 min nəfərə düşüb), Belarusda isə 5% (2 min nəfərdən 1,9 min nəfərə düşüb) azalıb. Lakin ölkəmiz bu arzuolunmaz göstərici üzrə 51% artımla "irəli" çıxıb".
 
İqtisadçı deyir ki, bu ilin əvvəlindən isə mətbuat səhifələrində intiharlar haqqında məlumatlar xeyli artıb.
 
Yazı müəllifi hesab edir ki, bunun da səbəbi ölkədə intiharları şərtləndirən psixoloji, ictimai-siyasi, sosial-iqtisadi gərginliklərin də günü-gündən artaraq davam etməsidir.
 
N.Əliyev həm də iddia edir ki, bu intihar hallarının say artımında bank soyğunçuluğunun, özbaşınalığın, qanunsuzluğun, ədalətsizliyin, ağır sosial-iqtisadi şəraitin payı xeyli çoxdur.
 
Müəllifə görə, odur ki, bu məsələ dövlət idarəetməsində yer almış prezidentdən deputatlara qədər hər kəsi çox ciddi düşündürməli, gərginliyə stimul yaradan səbəblər aradan qaldırılmalıdır.(contact.az)
 

Google+ WhatsApp ok.ru