Aspirin xərçəng xəstəliyinin qarşısını alır

Aspirin xərçəng şişlərinin inkişafını dayandıra bilər.  Bu nəticəyə ABŞ alimləri gəliblər. Biokimyaçıların fikrincə, yeni nailiyyət leykemiya xəstəliyinin, xərçəngin bəzi növlərinin, eləcə də ikinci növ diabet və neyrodegenerativ xəstəliklərin müalicəsinə imkan verəcək.
 
Kaliforniya Qledstoun İnstitutunun biokimyaçıları bu qənaətə gəliblər ki, tərkibində salisil turşusu olan preparatlar iltihabı müalicə edir və xərçəng hüceyrələrinin artmasının qarşısını alır. İltihabın qarşısını alan aspirin və ya diflunizal dərman preparatlarının tərkibində adıçəkilən maddələr möcuddur.       
 
"Salisil turşusu ən qədim dövrlərdən etibarən dərman kimi istifadə edilir. Amma biz onun haqqında yalnız indi nəsə yeni bir şey öyrənirik", - deyə elmi təcrübə rəhbəri, həkim Erik Verdin qeyd edib.
 
Araşdırmaçılar artıq salisil turşusunu kliniki sınaqdan keçiriblər. Xərçəng xəstələri üzərində keçirilən sınaqla dərmanın təhlükəsiz olduğu sübut edilib.
 
İndi alimlər dərmanı leykemiya xəstələri üzərində sınaqdan keçirərək onun digər müalicə üsulları ilə birgə effektivliyini yoxlamağa başlayıblar. Bundan başqa, alimlər bildiriblər ki, aspirindən digər xərçəng xəstəliyi növləri ilə mübarizədə, eləcə də neyrodegenerativ Altsaymer xəstəliyinin müalicəsində istifadə etmək olar. (ANS PRESS)
 

 

Google+ WhatsApp ok.ru