Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 14

Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 14

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
 
 
14-cü hissə
 

Peyğəmbəri-Əkrəmin (s) ictimai vədlərinə əməl etməsi

Mədinə cəmiyyəti işə başlayır və bu cəmiyyətdə Peyğəmbərin (s) xalqa verdiyi vədlər yerinə yetirilir. Peyğəmbərin (s) vədləri digərlərinin vədləri kimi, yalan, ilğım və fırıldaqlıqdan ibarət deyil. O, xalqa deyirdi ki, siz yalnız Allaha qul olun və bunu özünün təşkil etdiyi cəmiyyətdə təmin edir... İnsanlar onun qarşısında baş əymək istədikdə, buna mane olur. Onun özü, bəzən, elə davranır ki, insanları ona pərəstiş və ibadət şübhəsindən yayındırır və bəşərin məruz qaldığı bədbəxt və zülmət tarixində onun həyat tərzini keçmiş və gələcək hakimlərin həyat tərzinə əsla oxşatmırdı.

İnsanlar onun hüzurunda ayaqlarını uzadır, dırnaqlarını tutur, döyüş qənimətləri bölündüyü zaman öz adını başqalarının sırasında qeyd edir, dünya mənfəətlərindən bəhrələnməkdə özünü başqalarından aşağı tutur, onunla təzim və hörmətlə danışdıqda, onlara mane olurdu. Bir sözlə, ona xalis tövhid ideyası – yalnız Allah hakim idi! Allahın müqabilində mövqe tutmasın deyə, özündən əsla fikir bildirmirdi, Allahın kamil və xalis tövhid sözçüsü idi və camaatı aləmlərin Rəbbinə ibadət etməyə yönəldirdi. O, insanlığı şərafətə çatdıracağını deyir və bu vədinə əməl edirdi. O, elə bir iş görürdü ki, qaradərili, siması xoşagəlməz, yoxsul və əliboş bir insan izzət və şərafətə çatdığını hiss edirdi. Adi bir insan cah-cəlallı əcəm kəsraları müqabilində dayandıqda, onunla da adi bir insanla danışdığı kimi danışırdı. Onun gördüyü işlər sayəsində sıravi əsgərləri də o qədər möhkəm, əzəmətli və izzətli idilər ki, dünyanın taxt-tac sahiblərini saymır, hər bir müsəlmanın düşmən qarşısında ruhiyyəsi fətholunmaz bir qalaya çevrilir, heç bir şey onların boynunu əyə bilmirdi. Onlar yalnız bir şeyin – Allahın əzəməti, hökmü və əmri qarşısında boyun əyirdi. O, insanlar arasında bərabərliyi bərqərar edəcəyini, insanlıq yolunu açacağını, şirklə mübarizə aparacağını deyir və söylədiklərinin hamısını yerinə yetirdi. Bir sözlə, dəvəti, hərəkatı, inqilabı və mübarizəsində nəzərdə tutduğu prinsip və məsələlərin hamısını təsis etdiyi cəmiyyətdə bərpa etdi, yaşatdı və insanların ixtiyarında qoydu.

Peyğəmbərin (s) hərəkatnın prinsiplərinin yazılmasının zəruriliyi

Amma Peyğəmbər (s) dünyadan köçəcəkdi. Peyğəmbər (s) dünyadan köçür, bu ümmət onun getdiyi yolla hərəkət edir və eynilə relslərin üzərində daim özü hərəkət edən bir qatar kimi, həmin yolu davam etdirməyi də istəyir. Bununla belə, bu onillik tərbiyə müddəti (Peyğəmbərin (s) on il çəkən hakimiyyəti) qısa olduğundan, ümmətin uzun müddət bu yolda hərəkət edəcəyinə zəmanət vermirdi. Eynilə, bir yolda özbaşına hərəkət edən avtomobilin də daim hərəkətdə olmasına, xarab olmayacağına, təkərlərinin partlayıb boşalmayacağına və ya qəzaya uğrayıb yoldan çıxmayacağına heç bir zəmanət yoxdur. Peyğəmbərin (s) onillik tərbiyə metodu yalnız o Həzrətin öz dövründə qalıcı olmasını təmin edə bilərdi. O Həzrətdən sonra cəmiyyəti istiqamətləndirən bir şəxsə ehtiyac var idi. Peyğəmbərdən (s) sonra bu cəmiyyəti yönləndirən, ona rəhbərlik edib yolgöstərən həmin şəxs kimdir?

Bir karvan təsəvvür edin, bu karavan bir yolda hərəkət edir və hara gedəcəyini də bilir. Lakin yol əsnasında toz-torpaq, meh-duman, əyləncə və qəflət onu yoldan azdırır. Bu zaman nə etməlidir? Yolu tapmalıdır. Yolu necə tapa bilər? Əgər yol boyu nişanlar, bayraqlar və çıraqlar yerləşdirilibsə, karvan arabir onlara dönüb baxmalı və hara gedəcəyini bilməlidir. Allah və Onun Peyğəmbəri tərəfindən yerləşdirilmiş bu bayraq və nişanlar insanlara göstərilərsə, onlar azmaz və yollarını itirməzlər. Demirəm ki, onların arasında qərəzlilik və yaxud nadanlıq olmaz, xeyr, bu mümkündür, amma azmaqdan söz gedə bilməz. İnsanlar yolu görəcək, İslam cəmiyyəti hədəfdən yayınmayacaq, qəbul olunmuş prinsip və kriteriyaları unutmayacaqdır.

Deməli, bu təməl prinsiplərin insanlar arasında qalıb yaşaması bir zərurətdir. Allah-Taalanın İslam cəmiyyəti üçün tənzimlədiyi və bəyan etdiyi həmin normativlər mütləq yazılmalı, bütöv məcmuədən ibarət əsas mətləblər, ümumi qanunlar və zəruri maarif mütləq xalq kütləsinin ixtiyarına verilməlidir. Eynilə, bu gün də (özünəməxsus təsisçiləri, öz prinsipləri əsasında yaranan və tənzim edilən) dünyəvi məktəblərdə olduğu kimi, onlar siyasi qüdrəti ələ keçirməklə kifayətlənmir, qəbul olunmuş qanunları oyaq və ayıq düşüncələrin ixtiyarında qoyurlar ki, həmin yoldan çıxmasın və onu unutmasınlar. Bəzən, insan gecə ikən ay işığında başını aşağı salıb yoluna davam edir və yolda olduğunu düşündüyü halda, bir də başını qaldırıb yoldan neçə fərsəx və kilometr uzaqlaşdığını görür. Belə olmamalıdır. Odur ki, bu prinsip və qanunların yazılması (əsasnamə halına salınması) zəruridir. Hansı prinsip və meyarlar? İslam inqilabının yaranması və İslam cəmiyyətinin formalaşmasına səbəb olan həmin prinsip və meyarlar, normativlər! Elə buradan kitab məsələsi önə çəkilir. Bütün peyğəmbərlərə kitab verilib. Görəsən, bu kitablar kimlər üçün göndərilib? Onların özlərinə göndərilibmi? Axı, özləri Rəbbin tərəfindən ilham alırlar. Axı, onlar özlərini unutmurlar. Birdən unutsaydılar da, vəhy əmanətdarı onların əllərindən yapışırdı. Bu kitab ümumi qanunların yazıldığı bir məcmuə, lazımi prinsip, qanun və bilgilər, başqa sözlə, günümüzdə deyilən “bir məktəbin ideologiyası”ndan ibarətdir.

Quran – İslam ümmətinin yolunun çırağı

Hər bir peyğəmbərin kitabı var və bizim Peyğəmbərimizin (s) də kitabı Qurandır. İndi Quranın nə üçün göndərildiyini, İslam aləmində mövqeyinin nə olduğunu bildinizmi? Quran bayraq və parlayan çıraqdır. Quran meyardır, cəmiyyət özünü mütləq onunla ölçməlidir. Quran rəhbər və bələdçidir, bəşəriyyət karvanı öz yolunu onun vasitəsilə tapmalı və yaxud həqiqi yoldan azmamalıdır. Quranın mövqeyi budur! Quranı təfsir və bəyan edən isə Peyğəmbərin (s) özü, ondan sonra onun Əhli-beytindən olan ümmətin məsum və ayıq insanlarıdır. Əlbəttə, Əhli-beyt (ə) haqqında yenə ayrıca söz açacağam. Əmirəlmöminin Əlinin (ə) xütblərindən birini bu mövzuya həsr edəcəyəm. Həmin xütbədə deyilir:

بِنَا اهْتَدَيْتُمْ فِي الظَّلْمَاءِ وَتَسَنَّمْتُمْ الْعَلْيَاء

“Siz bizim vasitəmizlə doğru yola yönəldiniz və ucalıq zirvəsinə nail oldunuz.”[1]

İndi isə Quran haqqında danışırıq.

Əmirəlmöminin Əli (ə) bu xütbədə Quranın rolunu açıqlayır və buyurur ki, Peyğəmbər (s) dünyadan köçdükdə, sizi özbaşına və çaşqın halda buraxmadı, əksinə sizin aranızda aşkar bayraq və yolgöstərən rəhbər qoydu. O da Rəbbiniz Allahın kitabıdır.

Quranın təfsirçi və müəllimə ehtiyacı

Amma bu kitabın – Quranın bir sıra xüsusiyyətləri vardır ki, onları bir müəllim mütləq bəyan etməlidir. Bəhsin bu hissəsi bir qədər diqqət tələb edir, incədir, insanı çaşdıra bilər və bəziləri bu çaşqınlıq içində büdrəmişlər. Diqqətli olun! Allahın kitabının müxtəlif hökmləri var. Onun bəzi hökmləri insanın xüsusi halına işarədir:

وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً

“Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur.”[2]

İmkanınız varsa, Məkkəyə getməlisiniz, olmadıqda isə xeyr! Bu hökm insanın imkanlı halına aiddir. Səfərdə namazınızı qəsr qılmalısınız və bu səfər halına – xas bir şəraitə və mövqeyə aiddir. Bəzi hökmlər isə fərqlidir: Onları həmişə və hər zaman yerinə yetirmək lazımdır. Buna (gündəlik) namazı misal göstərə bilərik. Bəzi hökmlər xas bir zümrəyə, bəziləri isə hamıya aiddir. Quranda bir sıra hökmlər məhz Peyğəmbərə (s) məxsusdur, başqaları həmin hökmlərdə o Həzrətlə şərik deyildirlər. Bəzi hökmlər də bütün insanlara aiddir. Quranda bəzi hökmlər mütləq (qeyd-şərtsiz), bəziləri isə qeyd-şərtlə bəyan olunmuşdur. Quranın bəzi ayələrinin məna və məfhumu insan zehninə aydın olsa da, bəzi ayələr aydın deyil (mütəşabeh və oxşar ayələrdir), diqqət və düşüncə tələb edir, onun başa düşülməsi üçün əqli və ya nəqli dəlilə ehtiyac vardır. Məsələn, Quranda buyurulur:

الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى

“Rəhman (Allah) ərşin (taxtın) üstündədir.” [3]

Bu, sadədüşüncəli insanda bir qədər şübhə yaradır. Yaxud:

وَالسَّمَاء بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

“Biz göyü əlimizlə yaratdıq və Biz qadirik.” [4]

Görəsən Allahın əli varmı? Allahın taxtı varmı? Allah hansısa bir yerdə əyləşirmi? Bu məsələlər adi və sadə zehinlər üçün başadüşüləsi deyil. Amma həmin məsələ adi və sadə zehinlər üçün tutarlı əqli və ya nəqli bir dəlillə sübut olunduqda, bu ifadənin kinayə olduğunu anlayır. Belə ayələrə “mütəşabeh” deyilir. Quranın bəzi ayələrini və yaxud İslamın bəzi maarifini hamı mütləq bilməlidir, heç kimin ondan məlumatsız qalmasına icazəsi yoxdur. Tövhid, İslamın ümumi prinsipləri, din, İslam və Quranla bağlı məlumat və tanışlığı buna misal göstərmək olar. Bəzi məsələlər də vardır ki, hamının ondan xəbərdar olması lazım deyil. Sizin irs hökmləri ilə bağlı mütləq məlumatlı olmağınıza əsla ehtiyac yoxdur. Belə bir məsələ ilə üzləşdikdə, məlumatlı bir şəxsdən soruşub öyrənəcəksiniz. Hər bir şəxsin islami kəsim və yaxud ov etməyin şərtlərini dəqiqliyi ilə öyrənməsi elə də zəruri deyil; belə bir hökmlə qarşılaşdıqda, onu bilən bir şəxsdən soruşub öyrənəcək. Baxın, Quran və ondakı hökmlər müxtəlif qisimlərə bölünür. Peyğəmbərin (s) vəzifəsi onları bəyan etmək, məchul məsələlərə aydınlıq gətirmək, başa düşülməsi çətin olan məsələləri işıqlandırmaq, Quranın düyünlərini açıb həll etməkdir. Bu, Peyğəmbərə (s) aid məsələdir. Əmirəlmöminin Əlinin (ə) xütbəsinin əsas hissəsi (oxuduğum hissə) qeyd edilən məsələlərlə əlaqədardır ki, indi oxuyub tərcümə edəcəyik.

Əxbarilərin Qurandan başa düşdüyümüzün bizə höccət olmamasına dair sözlərinin rədd edilməsi

İncə olduğunu qeyd etdiyim məsələ budur, bəziləri bu kəlamı Əmirəlmöminin Əlidən (ə) eşitmişlər. Bu qisimdən olan bir neçə rəvayət də məsum imamlardan (ə) nəql olunmuşdur. Misal üçün, (bir dəfə) Əbu Hənifə İmamın (ə) hüzuruna gəlib deyir: “Mən Qurandan fətva verirəm.” İmam (ə) buyurur: “Sən “nasix”i (ləğv edən ayəni) “mənsux”dan (ləğv olunmuş ayədən), “möhkəm” ayələri “mütəşabeh” ayələrdən, “ümumi” (mütləq və qeydsiz-şərtsiz) ayələri “xüsusi” (müqəyyəd və qeydli-şərtli) ayələrdən ayırd edə bilirsənmi?” Cavab verə bilmədikdə, İmam (ə) buyurur ki, gərək bu məsələləri bizdən öyrənəsiniz.[5] Bu qəbildən bir neçə rəvayət vardır ki, hamısı doğrudur. Həm sözügedən xütbə doğrudur, həm də həmin rəvayətlər. Bəziləri bu kimi rəvayətləri gördükdə, həmin rəvayətlərin və yaxud “Nəhcül-bəlağə”nin bu xütbəsinin bizə “Qurana yaxınlaşmayın, ona əl vurmayın, ehtiyatlı olun, onsuz da onu başa düşməyəcəksiniz, Quranı Peyğəmbər (s) və məsum imamlar (ə) təfsir etməlidir, əgər onlar bir ayəni belə təfsir etməyiblərsə, sənin onun barəsində bir söz demək, onun təfsiri haqqında düşünmək və müəyyən qənaətə gəlmək haqqın yoxdur!” – deyə buyurduğunu güman etmişlər. Nəticə etibarilə, belələrinin nəzərində Quran heç kimin başa düşmədiyi müəmmalı bir kitabdır. Onlara görə, əgər bir ayə barəsində İmam Baqirdən (s) bir hədis nəql olunub onun mənasını bir qədər aydınlaşdırıbsa, biz də elə o qədər danışa bilərik və ondan artıq fikir yürütməyə haqqımız yoxdur. Bəziləri bu və bu kimi xütbələrdən belə nəticə çıxarmışlar.

Bu kimi cahilanə nəticələr insanda təəccüb doğurur! Elə bu xütbə ilə yanaşı, ən azından Quranın bu ayəsində belə buyurulur:

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْر

“Həqiqətən, Biz Quranı ibrət almaq, öyrənmək və başa düşmək üçün belə asanlaşdırdıq.”[6]

Allah-Taala Platon, Aristotel, Sokrat, İbn Sina və Farabi kimi, hətta alim və filosofların başa düşmədiyi, onların bir kəlməsinin bir səhifə və yaxud bir kitab qədər şərhə ehtiyac olduğu tərzdə danışa bilərdi. Allah-Taala belə danışıq tərzini bacarır, amma bunu etmədi. Allah elə danışır ki, hamı başa düşsün, hamı öz Rəbbi ilə rabitə qura bilsin, Onun kəlamını oxuyub düşünsün. Bu sahədə imamlardan (ə) nəql olunan hədislər kifayət qədərdir. Mən bu barədə çox danışmaq istəmirəm. Elə bu və digər məscidlərdə, əlamətdar günlərdə təşkil etdiyimiz yığıncaqlarda bu haqda təkrar-təkrar danışmışam, lakin qərəzli və nadan kəslər tərəfindən irəli sürülən şübhələrin əhatəsi çox geniş olduğundan, yenidən məsələnin təkrar qeydini münasib və hətta zəruri hesab etdim. İmamlardan (ə) nəql olunan bir çox hədislərdə uyğun mətləblərin Qurandan istifadə edilməsinə dair göstərişlər verilmişdir.

Bir nəfər İmamın (ə) hüzuruna gəlib: “Ey Rəsuləllahın övladı! Məsələn fılan yerdə baş verən fılan işin hökmü nədir?” – deyə soruşduqda, İmam (ə) buyurur:

انما يُعْرَفُ هَذَا وَ أَشْبَاهُهُ مِنْ كِتَابِ اللَّهِ عَزَّ وَ جَلَّ

“Bu məsələ və onun bənzəri Allah-Taalanın kitabında bildirilmişdir.”[7]

İmam (ə) buyurur ki, Quran var və bu məsələnin hökmü Qurandan başa düşülürsə, onu nə üçün məndən soruşursan? Görəsən, bu cümlədən nə anlaşılır? Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin başqa bir xütbəsində buyurur ki, Quranla ünsiyyətdə olan hər bir kəs ayağa qalxdıqda, ya nadanlıq pərdələrindən birini yırtar, ya da onun ruhunda mərifət çıraqlarından biri işıqlandırılar. Quranın özü, hədislər, “Nəhcül-bəlağə”, bütün dini mətnlər bizi təkidlə Quranı öyrənməyə rəğbətləndirir. Bununla yanaşı, əgər Quranın bizimlə belə aydın danışmadığını, “Nəhcül-bəlağə”nin xütbələri və rəvayətlərin də (uyğun məsələyə dair bir söz) demədiyini fərz etsəydik belə, bu zaman belə bir sual yaranacaqdı ki, bəs, Quran nə üçün nazil olub?

Əgər camaat Quranı başa düşməyəcək və dərk etməycəkdisə, onda nə üçün göndərilib? Bu müəmmalı kitab nə üçün nazil olub? Məgər Quranda ümumi qanunların qeyd olunduğunu demədikmi? Bu ümumi qanunlar başa düşmək üçündür. Əgər başa düşmək üçün deyilsə, bəs nə üçün Quranda qeyd olunub? Mən bu məsələlərin (insanların Qurandan uzaqlaşdırılması) Əbu Süfyan oğlu Müaviyənin zamanından qaynaqlandığını düşünürəm. Onun istəyi camaatın Quran oxumaması və yaxud (ən azından) təfəkkürlə oxumaması idi. İstəyirdi ki, hətta camaat Quranı oxusa belə, onu başa düşməsin. Mənim nəzərimcə, tarix boyu müsəlman xalqına, xüsusən də, şiə cəmiyyətinə Qurandan uzaq düşməyi aşılayan Süfyanilər sülaləsi olmuşdur. Onlar camaatı inandırmaq istəyirdilər ki, Quranda “nasix və mənsux”, “möhkəm və mütəşabeh” ayələrinin anlaşılması qeyri-mümkün olduğundan, siz bu kitabı bağlayıb bir kənara qoyun, ya da oxuyun, özünüzü anlamazlığa vurun. Əgər ərəb dilini bildiyin üçün Qurandan bir şey anlasan da, özünü elə apar ki, sanki, heç nə anlamırsan (elə bil ki, Quran anlamaq üçün deyil, sadəcə üzündən oxumaq üçün nazil olmuşdur).

Ayələrin şərhində nəql olunan bəzi rəvayətlərə bir nəzər yetirin, dəyərli qardaşlar və elm sahibləri elə sabah “Burhan” və yaxud “Nurus-səqəleyn” adlı təfsir kitablarına müraciət etsinlər[8]; Quran ayələrinin məna və şərhi ilə bağlı nəql olunmuş rəvayətlər bu iki əsər və digər mənbələrdə toplanmışdır. Gedin baxın, görün, Quranın neçə faizi Əhli-beyt (ə) rəvayətləri ilə izah olunmuşdur? Çox az bir hissəsi – bir faizi! Əgər biz Quranın hər bir ayəsini anlamaq üçün bir hədis tapmaq qərarına gəlsək, həmin hədisin mənasının anlaşılmasında da uyğun sual və şübhə ilə qarşılaşacaq və ola bilsin ki, həmin hədisi düzgün başa düşməyəcəyik. Hətta hədisin anlaşılmasında bu şübhə ilə rastlaşmasaq da, ən azından deyə bilərik ki, hədislər vasitəsilə şərh edilən ayələrin sayı olduqca azdır. Bəs nə edək? Quranı öpüb bir kənara qoyaqmı? Elə düşmənlərin ürəyindəndir ki, bu iş baş tutsun. Bunu Quran düşmənləri inanmadıqları iki dünyanın Allahından istəyirlər; İslam ümmətinin düşmənləri tarix boyu bunu arzulamış, artıq, istək və arzularına təmənnasız və asanlıqla çatmışlar. Onlar deyirlər ki, Qurana baxmayın, Quranı təfsir etməyin, Quranı başa düşməyin. Nə üçün? Çünki Quranda “nasix-mənsux” və “möhkəm-mütəşabeh” var. Əksəriyyətin düçar olduğu yanlışlıq budur! Əksəriyyət dedikdə, elm əhlinin əksəriyyətini nəzərdə tutmuram. Biz görkəmli, agah və aydındüşüncəli alimlərimizin kitablarında bunun əksini müşahidə edirik. Quran və Quranın fəziləti ilə bağlı yazılmış kitablara nəzər saldıqda, insanların Quran barədə təfəkkür etməsinə tövsiyə olunduğunu görürük. Amma sayı az, dairəsi geniş olan, primitiv fikir və yazılarına görə avam insanlar arasından özlərinə tərəfdar qazanan, zahirdə elm carçısı olan bir qrup nadan insan bu sayaq zəhərli təbliğatlar vasitəsilə insanların Quranla rabitəsini kəsmək üçün əllərindən gələni əsirgəmirlər.

Ardı var.. 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1]. “Nəhcül-bəlağə”, xütbə 4.

[2]. “Ali-İmran” surəsi, ayə 97.

[3]. “Taha” surəsi, ayə 5.

[4].“Zariyat” surəsi, ayə 47.

[5]. “Ehticac”, Təbərsi, c.2, səh.370.

[6]. “Qəmər” surəsi, ayə 17.

[7]. “Kafi”, c.3, səh.33, azacıq fərqlə.

[8]. Müəllif: Seyid Haşim ibn Süleyman əl-Bəhrani.

 

Google+ WhatsApp ok.ru