Azərbaycan Universitetində yeni fakültə yaradılıb

Azərbaycan Universitetində sosial iş ixtisası üzrə təhsil tarixində ilk dəfə sosial iş fakültəsi açılıb.
 
Universitetdən bildiriblər ki, bu fakültə sosial işin təşkili və idarə olunması kafedrasının əsasında yaradılıb.
 
Fakültənin fəaliyyətə başlamasının əsas səbəbi sosial iş sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsidir. Yeni fakültə respublikada fəaliyyət göstərən peşəkar sosial işçiləri kadr hazırlığına cəlb etməklə ümumilikdə tədris prosesinin keyfiyyətli təşkilini təmin etmək niyyətindədir. Burada fəaliyyət göstərən müəllimlərin əksəriyyəti ABŞ və Avropanın aparıcı universitetlərində sosial iş ixtisası üzrə təhsil almış mütəxəssislərdir.
 
Sosial iş fakültəsinin yaradılması sosial iş təhsili sahəsindəki bir sıra boşluqların aradan qaldırılmasına da xidmət göstərəcəkdir. Fakültənin qarşısında sosial iş sahəsində Azərbaycan dilində ədəbiyyat çatışmazlığının aradan qaldırılması, kurikulumun təkmilləşdirilərək ixtisaslaşmış kadr hazırlığına uyğunlaşdırılması, tələbələr üçün təcrübə keçmək prosesinin təkmilləşdirilməsi kimi vəzifələr dayanır. Sosial iş təhsilinin beynəlxalq təhsil standartlarına uyğunlaşdırılmasına nail olmaq da fakültənin qarşısında duran əsas vəzifələrdəndir.
 
Azərbaycan Universitetində sosial iş ixtisası 2009-cu ildən tədris olunur. Bu ali təhsil müəssisəsi 2013-cü ildən həmin ixtisas üzrə magistratura səviyyəsinə də qəbulu həyata keçirir

Google+ WhatsApp ok.ru