Azərbaycanda keçirilən növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
 
TQDK-nın mətbuat xidmətindən Maide.az-a verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
 
TQDK kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə onu çatdırır ki, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
 
Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
 
V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.
 
Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.

Google+ WhatsApp ok.ru