Azərbaycanda doğum göstəricisi ölüm göstəricisini iki dəfə qabaqlayır

Azərbaycanda doğum göstəricisi ölüm göstəricisini iki dəfə qabaqlayır

“1993-cü illə müqayisədə ölkə üzrə körpə ölümü göstəricisi üç dəfəyə yaxın azalıb”.
 
APA-nın xəbərinə görə, bunu baş pediatr Nəsib Quliyev K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda keçirilən tədbirdə deyib. O bildirib ki, əgər 1993-cü ildə hər 1000 nəfər diri doğulana ölüm göstəricisi 28,2 promilli təşkil edirdisə, 2005-ci ildə bu göstərici 12,7 promilliyə, 2014-cü ildə isə 10,2 promilliyə qədər azalıb.
 
Baş pediatr qeyd edib ki, hazırda Azərbaycanda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı dövlət hesabına peyvənd olunurlar: “Qızılca və məxmərək xəstəliyinin ölkə səviyyəsində ləğv edilməsinə görə Azərbaycan 53 Avropa ölkəsi içərisində birinci onluqda yer alıb. Hazırda su çiçəyinə qarşı peyvəndin aparılmasına hazırlıq görülür”.
 
2012-ci ildə Azərbaycanda 176 400 uşağın doğulduğunu söyləyən N. Quliyevin sözlərinə görə, 2012-ci ildən bu rəqəm 170-175 min arasında dəyişir: “2016-cı il iyulun 1-nə olan rəqəmlərə əsasən hazırda Azərbaycan əhalisinin sayı 9 milyon 755 min 500 nəfərdir. Əhalin sayı il ərzində orta hesabla 1% artır. Eyni zamanda, Azərbaycanda doğum göstəricisi ölüm göstəricisini 2 dəfə qabaqlayır”.

Google+ WhatsApp ok.ru