Azərbaycanda uşaqlar arasında piylənmə artır

Azərbaycanda uşaqlar arasında piylənmə artır

Uşaq və gənclərdə piylənmə sürətlə artır. Amma problemə qarşı tədbir görənlərin sayında artım müşahidə olunmur. Ümumdünya Piylənmə Federasiyasının 11 oktyabr - Beynəlxalq Piylənmə Günü münasibətilə yaydığı məlumatda belə deyilir.
 
Uşaqlarda piylənmənin ən sürətlə artdığı ölkələrdən biri Azərbaycandır. 2000-2013-cü illərdə uşaq və gənclərdə piylənmənin artım göstəricilərinə görə, Azərbaycan 72%-lə Vyetnamdan sonra ikinci yerdə dayanır. Siyahını «Pediatric Obesity» jurnalı Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsaslanaraq nəşr edib.
 
İLDƏ 3.4 MİLYON NƏFƏR ÖLÜR
 
Piylənmənin ən geniş yayıldığı yerlər isə Sakit Okean adaları, Kiribati, Samoa və Mikroneziyadır. Piylənmədən əziyyət çəkən uşaqların sayına görə 2025-ci ildə Çin, Hindistan və Birləşmiş Ştatların ön sıralarda dayanacağı gözlənir.
 
«Reuters» agentliyi piylənmənin «qlobal qatil»ə çevrildiyiniyazır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ildə 3.4 milyon adam piylənmə və artıq çəkidən dünyasını dəyişir.
 
Ümumdünya Piylənmə Federasiyası bildirir ki, piylənmə uşaqların və gənclərin sağlamlığına, təhsildə uğur qazanmasına, həyat tərzinə çox böyük neqativ təsir etdiyi halda, bu problemə qarşı ciddi tədbir görülmür. Piylənmə Federasiyasından Tim Lobstein problemlə yalnız inkişaf etmiş ölkələrin mübarizəyə başladıqlarını bildirib. Halbuki piylənmənin artması həm varlı, həm də kasıb ölkələrdə müşahidə olunmaqdadır.
 
Ümumdünya Səhiyyə Təşkilatının Uşaqlarda Piylənməylə Mübarizə Komissiyasının məlumatına görə, 1990-cı ildə dünyada 32 milyon körpə (5 yaşa qədər) piylənmədən əziyyət çəkirdisə, 2013-cü ildə belə uşaqların sayı 42 milyona çatıb. Artım inkişaf etməkdə olan ölkələrdə xüsusilə böyükdür.
 
70 MİLYON
 
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir: belə davam edərsə, 2025-ci ildə piylənmə və köklükdən əziyyət çəkən körpələrin və uşaqların sayı 70 milyona çatacaq. Bu isə 10 milyonlarla uşağın köklüklə bağlı xəstəliklərdən, şəkərli diabetdən, ürək, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkməsi deməkdir.
 
«Bu proqnozlar səhiyyə sistemi idarəçiləri və mütəxəssislərdən ötrü həyəcan təbili kimi səslənməlidir», - Ümumdünya Piylənmə Federasiyasından Tim Lobstein belə deyib.
 
Uşaq və gənclərdə piylənmənin əsas səbəbləri «cank-fud»la (bol kalorili, yağlı və duzlu, hazır, əvəzedici qida məhsulları) qidalanma, bol şəkərli içkilərdən istifadədir. «The Guardian» qəzeti yazır ki, məhz bu cür qidalar əvvəllər yalnız böyüklərdə müşahidə olunan şəkər xəstəliyi, yüksək qan təzyiqi ilə bağlı xəstəliklərə indi uşaqlarda da rast gəlinməsinə səbəb olub. Bundan başqa, ekspertlərin fikrincə, «fast-fud» mədəniyyətinin yayılması uşaqlarda əlilliyin artması, uşaqların ömrünün azalmasıyla nəticələnir.
 
PİYLƏNMƏ EPİDEMİYASI
 
Ümumdünya Piylənmə Federasiyasının prezidenti Ian Caterson bütün ölkələri «cank-fud» istehsalçılarıyla bağlı ciddi ölçü götürməyə, onların uşaqları hədəfə çevirməsini önləməyə çağırıb: «Piylənmə epidemiyası bütün ölkələrə çatıb. Ümumi risk faktorları, oturaq həyat tərzi, spirtsiz qazlı içkilərin istehlakı artıb. «Fast-fud»ların reklamları qida seçiminə təsir etməkdədir. Şəhər mühitində yaşayan, idman etməyə yeri və vaxtı olmayan ailələr çoxalır».
 
Mütəxəssislər erkən piylənmənin qarşısını almaqdan ötrü uşaqların ana südü ilə bəslənməsinin, bunun xüsusilə ilk 6 ayda zəruri olduğunu bildirirlər.
 
«Uşaqların sağlam qidalanması özəlliklə vacibdir, çünki insan üstünlük verdiyi qida məhsullarını uşaqlığında seçir». Ümumdünya Səhiyyə Təşkilatının məlumatında belə deyilir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru