Bəlkə, Təhsil Akademiyasının yaradılması barədə düşünək?

Nəyə görə, biz təhsilin keyfiyyətcə yeni mərhələyə daxil olmasını təmin edə biləcək məzmun islahatlarına deyil, daha çox görüntü yaratmaq məqsədinə xidmət edən yerli-yersiz forma dəyişikliyinə meyl göstərmişik?  Təhsil proqramını "kurikulum", şagird gündəliyini "məktəbli kitabçası", adi şagird dəftərini "iş dəftəri" adlandırmaqla, 1 sentyabr "Bilik gününü" 15 sentyabrla, rüblüyü "yarımilliklə", imtahanı "kreditlə", zaçotu "kollokviumla", 5 ballıq klassik qiymətləndirməni  "diaqnostik", "formativ", "summativ" adı ilə əvəzləməklə, imtahanların sayını və formasını tez-tez dəyişməklə, texniki peşə məktəblərini peşə liseylərinə, institutları ucdantutma universitetlərə,  elmlər namizədini "fəlsəfə doktoruna çevirməklə" və s. və i.a hansı yüksəlişə nail olmuşuq? Bunun təhlilini aparıb müsbətini, mənfisini ortalığa qoyan olubmu?
 
Heç kəsə sirr deyil kı, təhsil elmsiz, elm təhsilsiz inkişaf edə bilməz. Bu iki məfum bir- biri ilə üzvi surətdə bağlı olan anlayışlardir. Təhsilin kökündə elm, elmin kökündə təhsil dayanır. Qabaqcıl dünya təcrübəsində təhsil elmi əsaslar üzərində qurulur, pedaqogika, psixologiya, fiziologiya, metodologiyanın nailiyyətlərinə əsaslanır.Bəlkə, bızdə elm təhsildən, təhsil elmdən ayrı düşüb, hər iki stratejı sahənin birgə  fəaliyyət göstərməsində hansısa maneə var?
 
Bəlkə, elm və təhsili birləşdirib yeni strukturlaşma aparaq? "Elm və təhsil" nazirliyi yaradıb, bütün yaradıcı potensialımızı bir vahid mərkəzdə cəmləşdirək? Heç kəs deyə bilməz ki, elm və təhsilə böyük yatırımlar qoyan Rusiya, bu yolu tutmaqda səhv edib. Digər tərəfdən, bu məsələ artıq ictimailəşib. Respublikamızın bir çox tanınmış professorları, təhsil ekspertləri  bu təkliflə çıxış edib, situasiyanı dəyərləndiriblər.
 
Dünya təcrübəsi ilə əlaqədar səmərə verə biləcək təkliflərə məhəl qoymuruqsa, heç olmasa öz "Dövlət Proqramı"mızda qarşımıza qoyulan tələbə əməl edək:"Təhsil sisteminin tədris, elmi-metodik və informasiya təminatının elmi əsaslarını yaradıb, təhsil sisteminə tətbiq etmək məqsədilə Təhsil Nazirliyi nəzdində Azərbaycan Respublikasının Təhsil Akademiyasını yaratmaq" (2.1.6 Təhsil Akademiyasının yaradılması.) vəzifəsi ki, kimlərinsə tərəfindən irəli sürülən təklif deyil, birbaşa Azərbaycan Respublikası Prezidentinin 10 mart, 1998-ci il tarixli, Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən hazırlanmış, Ölkə başçısının 15 iyun, 1999-cu il tarixli, 168 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı"nın tələbidir. Özü də, həmin tələbin icrasına yönəlik təkliflərin hazırlanması Təhsil Nazirliyi ilə yanaşı, həm də Nazirlər Kabinetinə, Elmlər Akademiyasına və Maliyyə Nazirliyinə həvalə edilmişdi.Təhsil Akademiyası ideyası niyə kağızda qaldı?
 
Proqrama görə, Təhsil Akademiyasının təsis edilməsi təhsil sistemini gücləndirməli, bu nüfuzlu qurumda pedaqoji sahənin tanınmış alimlərinin təmsil olunmasını təmin etməli idi. Proqramın qəbul edilməsindən 15 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də bu akademiya yaradılmayıb (halbuki,"Tennis akademiyası"na qədər bütün akademiyaları yaratmışıq).
 
Digər bir nüans. Bildiyimiz kimi, Azərbaycan Milli Akademiyasında (AMEA) pedaqogika bölməsi yoxdur. Deməli, pedaqoji sahənin alimləri burada təmsil oluna bilməzlər. İndi paradoksal bir vəziyyət yaranıb. Bu alimlər AMEA-ya üzv seçilə bilmirlər, seçilmək üçünsə, özlərinin akademiyaları yoxdur. Belə çıxır onların heç biri akademik (və ya müxbir üzv) adını daşımağa layiq deyil.
 
Sözümün canı ondadir ki, elə yaxın qonşu türk qardaşlarımız  son illər ərzində öz tarix və təhsil problemlərini həll etməklə yanaşı,  həm də Türk Universitetlər Birliyinin qurulması, Türk Akademiyasının təsis olunması və eləcə də, bu qəbildən digər müştərək layihələr həyata keçirərək türkdilli ölkələrlə yüksək əməkdaşlıq nümayiş etdirir. Biz isə...Nə isə. Biz də heç olmasa, müştərək bir yana öz doğma tariximizi və təhsilimizi dirçəltmək üçün nə isə edək.Bu şərtlə ki, bu "nə isə" nəticəsində başqa "nə isə"lər yaranmasın.
 
Nadir Israfilov
təhsil məsələləri üzrə ekspert 
 

Google+ WhatsApp ok.ru