Diqqət: elektrik qızdırıcısı səhhətinizə ziyandır

Diqqət: elektrik qızdırıcısı səhhətinizə ziyandır

-- “Bu qızdırıcı həddən artıq buxarlanma yaradır və havanı qurudur”

Havalar soyuyan kimi evimizi müxtəlif qızdırıcılarla və ya qaz sobaları ilə isitməyə çalışırıq. Qaz sobalarının hər an can aldığını düşünən və bundan qorxan bəzi insanlar isə elektrik qızdırıcılarının daha təhlükəsiz olduğunu düşünüb evlərinə bu sobaları alırlar. Ancaq mütəxəssislər dəm qazı sobaları qədər təhlükəli olmasa belə, bu qızdırıcıların da təhlükəli olduğunu və insanın səhhətinə yavaş-yavaş, tədricən təsir etdiyini bildirirlər.
 
Elektrik qızdırıcıları olan otaq tez bir zamanda isinsə də, bir müddət sonra insanlar evin havasının ağırlığından, baş ağrısı, halsızlıq kimi simptomlardan şikayətlənirlər. Mütəxəssislərin sözlərinə görə, bu cür elektrik qızdırıcıları düzgün istifadə edilmədiyi təqdirdə hətta xərçəng xəstəliyinə belə gətirib çıxara bilir. Çünki bu qızdırıcılar otağa elektromaqnit şüaları yayır ki, bu da orqanizmi zəif olan insanlarda xərçəngin baş qaldırması deməkdir. Elektromaqnit yayılan otaqda olan insanlarda isə bir qədər sonra halsızlıq, baş ağrısı və yorğunluq yaranır. Körpələrin və azyaşlı uşaqların elektrik qızdırıcısı olan otaqdan uzaq tutulması vacibdir. Onların orqanizmi daha həssas olduğu üçün bu qızdırıcıların yaydığı elektromaqnit onlara daha tez təsir edə bilər. Bu cür isidicilər olan otağın havası tez-tez dəyişilməlidir. Qeyd edək ki, qışın gəlməsi ilə müxtəlif növ elektrik qızdırıcıları artıq satışdadır.
 
“8-ci kilometr bazarı”na baş çəkib elektrik qızdırıcılarının qiyməti, alıcıları və harada istehsal edilməsi ilə maraqlandıq. Müşahidələrimiz göstərdi ki, bu sobalar ölkəmizə əsasən Türkiyə və İrandan gətirilir. Qiymətləri isə ölçüsündən və funksiyasından asılı olaraq 25 -60 manat arasında dəyişir.
 
Satıcı Fərid Əliyev deyir ki, spirallı olan yeni elektrik qızdırıcıları təhlükəli hesab edilmir: “Sadəcə olaraq, bu qızdırıcılar havanı qurudur. Gərək otağa su qoyulsun. Bir də alıcılar daha çox bunların evi yandıra bilməsindən qorxur. Amma diqqət edilsə, heç bir problem olmaz. Elektrik qızdırıcıları alarkən istehlakçılar tərəfindən bir sıra vacib məqamlara əməl olunmalıdır. Birinci növbədə bu malları alarkən satıcı tərəfindən onların komplektliyinə, keyfiyyətinə, mal və istehsalçısı haqqında məlumatın mövcudluğuna, lazım gələrsə, onun quraşdırılıb yoxlanılmasına diqqət edilməlidir. Hər bir istehlakçı bilməlidir ki, satış üçün təqdim olunan analoji mal nümunələri ticarət zalında yerləşdirilərkən onların üzərində malın adı, markası, modeli, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa məlumat olmalıdır”.
 
Digər satıcı Azad Bayramov elektrik qızdırıcılarını alanların elə də çox olmadığını bildirdi: “İndi çox evlərdə mərkəzi istilik sistemləri var və evlər bununla isti olur. Elektrik qızdırıcılarını isə əsasən köhnə evlərdə yaşayanlar və kiçik mağazası olanlar alır. Alıcılar bu qızdırıcıların işıq pulu çox yazdığını deyirlər. Buna görə də elektrik qızdırıcılarına elə də maraq yoxdur. Bu sobalar evi spirallarla qızdırdığı üçün ola bilər ki, havanı qurutsun. Belə olanda otağa bir stəkan su qoymaq yaxşı olar”.
 
Tibb elmləri doktoru professor Adil Qeybulla elektrik qızdırıcılarının həddən artıq buxarlanma yaratdığını və otağın havasını qurutduğunu dedi: “Bütün istilik sobalarının istilik mənbəyi spiraldan qaynaqlanır. Spiral da yüksək müqavimətli metalların və ya metal xəritələrindən istifadə edilərək yaranır. Onlar qızır və ətrafa istilik enerjisi verir. Sadəcə olaraq, boğaz quruması, başağrısı kimi hallar onunla bağlıdır ki, bu sobalar həddən artıq buxarlanma yaradır və havanı qurudur. Ona görə də təbii ki, dəri səthində də buxarlanma yüksəlir. Dəri səthində buxarlanma yüksəldiyinə görə də dərinin selikli qişalarının quruması hadisəsi baş verir. Məsləhət görülür ki, elektrik qızdırıcılarının yanına su qoyulsun. Bu su hesabına normal rütubət təmin oluna bilir. Hesab edirəm ki, istənilən evdə rütubət cihazı olmalıdır. Necə ki, evlərdə termometr var, rütubət cihazı da olmalıdır və otaqda normal rütubət təmin olunmalıdır. Əgər rütubət çoxdursa, pəncərəni açmaqla onu normaya salmaq, azdırsa, başqa üsullarla bunu normallaşdırmaq lazımdır. Yəni evdə rütubətin normal olması yaşamaq üçün böyük şərtdir. İstilik sobalarından istifadə zamanı rütubətin normallaşdırılması işi aparılmalıdır. Ancaq bu qızdırıcıların heç bir radioaktiv, ionlaşdırıcı şüalar yaya bilməsindən söhbət gedə bilməz”.
 
Bu qızdırıcıları alarkən evdə elektrik qısa qapanmasının və yanğın hallarının qarşısını almaq üçün nələrə diqqət edilməsinə gəlincə isə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sertifikat tələb etməyin vacib olduğunu dedi: “Bu mallar ölkənin əmtəə bazarına çıxarılmadan öncə sertifikatlaşdırılmalıdır. Azad İstehlakçılar Birliyinin əlində siyahı var ki, bu cür məcburi sertifikatlaşdırılan 800 addan çox mal, ümumiyyətlə, sertifikatlaşdırılmadan satılır. Nazirlər Kabinetinin 94 saylı qərarına görə sertifikatlaşmalı olan mal əgər sertifikatlaşmayıbsa, satışı qadağandır. Lakin bu mallar satılır və Nazirlər Kabinetinin 94 saylı qərarı pozulur. Bunlar təhlükəsi təmin olunmalı mallardır. Təəssüf ki, mallar sertifikatlaşmır və ölkənin qanunları tapdalanır. Bunun da səbəbi odur ki, ölkədə normal istehlakçı siyasəti yoxdur. Ölkədə azad bazar iqtisadiyyatı adı altında dövlətin qanunları ayaq altına düşür. Bu da anormal bir haldır və biz bu vəziyyətlə barışa bilmirik. İstehlakçılar bu qızdırıcıları alarkən sertifikat tələb etməlidirlər ki, görək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib, yoxsa keçməyib. Bunu tələb etmələri vacibdir”. (Musavat.com)
 

Google+ WhatsApp ok.ru