Direktorun döydüyü müəllimin dərsi 2 saat artırılıb

Təhsil Nazirliyi noyabrın 12-də Tovuz rayon İbrahimacılı kənd orta məktəbində baş verən hadisə ilə bağlı məlumat yayıb. Xatırladaq ki, məktəbin riyaziyyat müəllimi Ülviyyə Süleymanova "Bizim Yol" qəzetinə direktor Sinayə Məmmədzadənin və onun qızı Aygün Quliyevanın fiziki zorakılığına məruz qaldığını bildirmişdi. 
 
"Hadisə oktyabrın 17-də baş verib. Direktorun dərs saatlarını pulla satmasına etiraz etdim, iki saat dərs üçün məndən 50 manat tələb edirdi" - deyən Ü.Süleymanova qeyd edir ki, mübahisə etdikdən sonra direktorun kabinetindən çıxarkən onun qızı A.Quliyeva onun boğazından tutaraq başını divara çırpıb. Səs-küyə otağından bayıra çıxan direktor da onun saçlarından yapışaraq sürüməyə başlayıb. Hadisə zamanı Ü.Əliyeva üz nahiyyəsindən xəsarətlər alıb. "Hadisə ilə bağlı Tovuz rayon Prokurorluğuna, icra hakimiyyətinə, təhsil şöbəsinə müraciət etdik. Prokurorluq bizi ekspertizaya göndərdi, ekspert aldığım xəsarətləri  müəyyən etsə də, rəyi ancaq prokurorluğa verəcəyini bildirdi. İcra hakimiyyəti və təhsil şöbəsi isə faktiki heç bir tədbir görmədi. Hazırda işlə bağlı Qovlar şəhər Polis Bölməsində araşdırma aparılır". 
 
Ü.Süleymanova təhsil naziri Mikayıl Cabbarova müraciət edərək hadisə ilə bağlı tədbir görülməsini xahiş etmişdi. 
 
Təhsil Nazirliyinin mətbuat xidməti Bizimyol.info-nun sorğusuna cavab olaraq bildirdi ki, Ülviyyə Süleymanovanın "Bizim Yol" qəzetinə müraciəti Tovuz Rayon Təhsil Şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb: "Müəyyən edilib ki, Ü.Süleymanovanın şikayətinin əsas səbəbi dərs yükünün azlığı olub. Həmin ixtisasda olan müəllimlərin dərs yükü bölgüsünə təkrar baxılıb və Ü.Süleymanovanın dərs yükü 19 saatdan 21 saata çatdırılıb. Ü.Süleymanovanın döyülməsi faktı sübuta yetirilməyib. Ü.Süleymanovanın döyülməsi barədə müraciətinə Tovuz rayonu Qovlar Polis Bölməsi tərəfindən də baxılıb, fakt təsdiq edilmədiyi üçün cinayət işinin başlanılması rədd edilib. Ü.Süleymanova yazılı  izahatında müraciətinin araşdırılmasından razı qaldığını bildirib".
Ülviyyə Süleymanova "Bizim Yol" qəzetinə açıqlamasında məktəb direktoru tərəfindən döyülməsi ilə bağlı hadisənin obyektiv araşdırılmadığını bildirib. "Bu hadisə ilə bağlı cinayət işi açılmalı, məktəbdəki durum araşdırılmalı, direktor əməlinə görə cəzalandırılmalı idi. Amma bunların heç biri həllini tapmadı. Biz yenidən ölkə rəhbərliyinə müraciət etmək niyyətindəyik".  

Google+ WhatsApp ok.ru