Gəncləri təhsildən uzaqlaşdıran haqq

Gəncləri təhsildən uzaqlaşdıran haqq

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu il respublikanın 43 ali məktəbinə ayrılan 41736 plan yerindən yalnız 83,31 faizi dolub. Yəni plan yerlərinin təxminən 1/6-i boş qalıb. Boş qalan yerlərin də əksəriyyəti əsasən özəl ali məktəblər, eləcə də dövlət ali məktəblərinin ödənişli ixtisasları ilə bağlıdır. Qısası, ölkədə ödənişli təhsilə maraq göstərənlərin sayı kifayət qədər azalıb.

Hətta sonuncu qəbul imtahanlarında müsabiqəyə buraxılan abituriyentlərdən 440-ı ixtisas seçimi etsə də, ərizələrini təsdiqləməyiblər. Bu isə o deməkdir ki, onlar tələbə adını qazansalar da, məcburən bundan imtina ediblər. Səbəb isə təhsil haqlarının yüksək olması və ya ailələrinin onu ödəmə imkanında olmamasıdır.

Mediada yer alan məlumatlara görə, hazırda ali məktəblərdə bir illik təhsil haqqı 1000-6500 manat arasında dəyişir. Bu isə orta azərbaycanlı ailəsi üçün kifayət qədər yüksək rəqəmdir. Yeri gəlmişkən, heç bəzi inkişaf etmiş ölkələrin bir sıra universitetlərində belə bu qədər yüksək təhsil haqqı müəyyən edilməyib.

Maraqlısı ondadır ki, Azərbaycanda ali məktəblərə qəbul olunmuş tələbələrə 1-ci kursda təhsil haqqını hissə-hissə ödəməyə də imkan verilmir. Soruşanda da deyirlər ki, axı biz nə edə bilərik, Ağabala? Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar belədir. Guya hər şeyi qaydalar üzrə düz edirdilər, qalmışdı bu və bunda da istisna etmək olmaz...

İkincisi, lap Nazirlər Kabineti belə bir qayda qəbul edib, bəs bunun məqsədə müvafiq olmadığını və qaydalarda dəyişiklik etməyin vacibliyini bildirmək və təklif irəli sürmək belə çətindir?! Çətin deyil, sadəcə sərf etmir. Axı ətrafımıza baxsaq, görərik ki, nə qədər dövlətlərdə, elə qonşuluğumuzda belə bir təcrübə var və səmərəsini də görürlər.

Bir də axı hansı məntiqlə, hansı meyarlara əsasən, hələ muzdlu işçilər üçün orta aylıq əmək haqqı heç 500 manat, orta aylıq pensiya isə heç 200 manat da olmayan ölkədə 5000-6000 manatlıq ödəniş müəyyən edilir?

Əvvəla, Azərbaycanda təhsil haqları həddindən artıq yüksəkdir və süni şəkildə şişirdilib. Ən azından, verilən təhsillə tələb edilən pul mütənasib deyil.

İkincisi, birinci kurs tələbələri üçün təhsil haqqının hissə-hissə ödənilməsinə şərait yaratmamaqla bundan həm dövlət, həm həmin ali məktəblər, həm də ümumilikdə cəmiyyət ziyan görür. Hər halda kimsə yüzlərlə gəncin təhsildən uzaqlaşmağının kiməsə xeyir gətirdiyini deyə və ya sübut edə bilməz.

Nə qədər ki, ölkədə təhsilin haqqı ilə özü düz mütənasib olmayacaq, nə qədər ki, təhsilə cəmiyyətin bel sütunu və sağlamlıq mənbəyi kimi deyil, yalnız pul kisəsi kimi baxılacaq, nə təhsilimizin səviyyəsində müsbət dönüş olacaq, nə də daha ucuz olması səbəbindən xarici ölkələrin ali məktəblərinə üz tutanların və maddi xeyiri əcnəbilərə verənlərin sayı, ölkədən valyuta axını azalacaq. (milli.az) /

 

 

 

Google+ WhatsApp ok.ru