Həkim: “Böyrək çatışmazlığının 49,5 faiz səbəbi məhz şəkərli diabetdir”

Həkim: “Böyrək çatışmazlığının 49,5 faiz səbəbi məhz şəkərli diabetdir”

Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkənlərin sayının artımı müşahidə edilir. Bunu mütəxəssislər bir çox amillərlə izah edirlər. Bunlardan biri kimi, ekoloji tarazlığın pozulması ilə əlaqələndirirlər. Eyni zamanda süni qidalanma və həkimlərin normal xidmət göstərməmələri də bu kimi xəstəliklərin kritikləşməsinə səbəb olur. Bəzən isə sosial durumun çətin olması səbəbi ilə xəstələrin həkimə gec müraciət etməsi proseslərin çətinləşməsinə də gətirib çıxardıb. Hər halda səhiyyə nazirinin verdiyi açıqlama bu problemin miqyasını anlamaq üçün bir mənzərə açır. Belə ki, səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında bildirib ki, Azərbaycanda ildə təxminən 100 nəfərə qədər şəxsə dövlət hesabına böyrək köçürülür.
 
Nefroloq Kamil Müslümov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, dializ alan xəstələrin sayında artımın olması heç də xəstəliklərin artımı ilə bağlı deyil: “Bu gün ölkədə böyrək çatışmazlığı ilə bağlı statistikanın artması xəstəlik hallarının artmasından daha çox diaqnostika istiqamətində ciddi inkişafın olması ilə bağlıdır. Bu gün Azərbaycanda xəstəxanalara müraciət edən xəstələrin böyrək çatışmazlığı halları daha tez aşkar edilir və bu da təbii ki, ötən illərlə müqayisәdə sayın çoxluğuna səbəb olur. Ötən illərdə həkimə müraciət edənlər daha az idi. Adi bir xəstəlik səbəbindən belə ölüm halları olurdu və bəzən ölüm halının nə ilə bağlı olduğu belə bilinmirdi. Bu gün isə diaqnostikanın güclənməsi ilə əlaqədar olaraq daha erkən vaxtlarda bu kimi xəstəliklər aşkar edilir. Həmin diaqnoza görə də xəstələr hemodializ və ya böyrək köçürülməsinə məruz qalır. Əsas odur ki, dializ alan xəstələrin sayında artımın olması heç də xəstəliklərin artımı ilə bağlı deyil.
 
 
Təbii ki, bu cür xəstəliklərin artımı ilə bağlı müəyyən ekoloji dəyişikliklər də əsas olaraq gətirilir. Amma dünyada və Azərbaycanda aparılmış araşdırmalar onu göstərir ki, 49,5% böyrək çatışmazlığının əsas səbəbi məhz şəkərli diabetdir. Bu gün ölkədə şәkərli diabet xəstələrinin sayının artması gələcəkdə böyrək çatışmazlıqlarının artmasına səbəb olan əsas amil kimi qeyd edilə bilər”. 

Google+ WhatsApp ok.ru