Həkim: `Qurda yoluxmamaq üçün su qaynadılaraq içilməlidir`

Həkim: `Qurda yoluxmamaq üçün su qaynadılaraq içilməlidir`

Elvira Əliyeva: Su istehsalçılarının bütün qaydalara əməl edib-etmədikləri məlum deyil
 
"Azərbaycanda helmintlərə (parazit qurdlar) yoluxma halları geniş yayılıb".
 
Bunu "Report"a açıqlamasında Elmi Tədqiqiat Parazitologiya İnstitutunun elmi işçisi, həkim Elvira Əliyeva deyib.
 
Onun sözlərinə görə, bu infeksiyaların çox yayılması gigiyena qaydalarına normal əməl edilməməsidir: "İnsanlar gigiyena qaydalarına ya normal əməl etmirlər, ya da bu barədə anlayışları yoxdur. Bu xəstəliklərə daha çox uşaqlar yoluxurlar. Onlar bağçada, məktəbdə yoluxurlar və gəlib evdəkiləri də yoluxdururlar".
 
Həkim bildirib ki, su kranından gələn suyu qaynadıb içmək lazımdır: "Çiy suyun tərkibi bir çox hallarda qeyri-müəyyən olur. Meyvə-tərəvəz, göyərti yaxşı yuyulmalıdır. Əllər sabunla təmiz yuyulmalıdır. Tualet, bədən gigiyenasına əməl edilməlidir. Paltarlar qaynadılmalı, ütülənməlidir. Təmizliyə əməl olunarsa, yoluxma da olmayacaq".
E.Əliyeva vurğulayıb ki, parazitlərin növlərinə görə yoluxmanın əlamətləri də fərqli olur: "Bizquyruq qurduna yoluxan uşaqlarda qaşınma olur. Valideynlər bəzi vaxtlarda balaca sapvari qurdları uşaqlarında görə bilirlər. Bizquyruq qurdu yalnız çirkli əllər vasitəsilə yayılır. Yoluxmuş adama salam verirsən və ondan sonra əl ağıza dəyəndə insan buna yoluxa bilir. Uşaqlar çirkli əşyalarını, qələmini, dəftərini ağızlarına vururlar və milyonlarla qurd yumurtası orqanizmə düşür. Bizdə elmi-tədqiqat institutu olduğundan bir neçə müayinə aparılır, mikroskopla baxılır və qurd canlı görünür".
 
Həkim qeyd edib ki, parazitlərə yoluxmuş xəstəni kompleks müalicə etmək lazımdır, yalnız qurd dərmanı ilə kifayətlənmək olmaz.
 
E.Əliyeva əlavə edib ki, müxtəlif markalar altında satılan sular qaynadıldıqdan sonra içilməlidir: "Ancaq qaynadılmış suya təminat verilir. Çünki lyamblya və digərləri su vasitəsilə orqanizmə düşür. Su istehsalçılarının bütün qaydalara əməl edib-etmədikləri məlum deyil. Ona görə də məsləhət görərdik ki, hamı qaynadılmış su içsin". /

Google+ WhatsApp ok.ru