Hər kim Ramazan ayında oruc tutsa, Allah ona altı xususiyyət əta edər

Hər kim Ramazan ayında oruc tutsa, Allah ona altı xususiyyət əta edər

-- Ramazan ayı münasibətilə ruhani Seyid Ağasəf Xurşidovla müsahibə

Bismillahir-Rəhmanir-Rəhim

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür. Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qonağımız , ruhani Seyid Ağasəf Xurşidov dur .

 

1. İlk dəfə oruc tutmağa nə vaxtdan başlamısınız? Bu barədə maraqlı xatirələriniz…

Allahın adı və yolu ilə! İyirmi səkkiz il bundan qabaq ilk dəfə oruc tutmağa başlamışam. Yadımdadır təzə oruc tuturdum, orucla bağlı şəri məsələləri də bilmirdim. Bir dəfə Yardımlı rayonunda, öz yaşadığımız kənddən qonşu kəndə qonaq getmişdim. Orada mənə çay və yemək gətirdilər, mən də onlara oruc olduğumu bildirdim. Onlar dedilər ki, oruc böyüklərə aiddir, sənin nə yaşın var? Onların israrı ilə mən də orucumu açdım, halbuki oruc mənə vacib olmuşdu.

Yadımdadır, bir dəfə də yayın orta aylarında istidən oruc olduğumu unudaraq doyunca su içdikdən sonra, oruc olduğum yadıma düşdü. Bu da mənim üçün bir xatirə olaraq yaddaşımda qalıb!

2. Oruc haqqında Peyğəmbər (s) və ya məsumlardan (ə) bir hədis sizin dilinizdən eşidək.

İslamın əziz peyğəmbəri həzrət Muhəmməd (s) buyurub:

 إنَّ مَن تَمَسَّکَ فی شَهرِ رَمَضانَ بِسِتِّ خِصالٍ

Hər kim Ramazan ayında oruc tutsa, Allah ona altı xususiyyət əta edər:

أن یَحفَظَ دینَهُ

1. Dinini qoruyar – qoymaz dini və etiqadı zəifləsin.

ویَصونَ نَفسَهُ

2. Özünü (günah və çirkinliklərdən) qoruyar.

ویَصِلَ رَحِمَهُ

3. Allahın rəhmətinə baş vurar – qohumluq əlaqələrini möhkəmlədər, qohumları və qonşularına baş çəkər.

 ولا یُؤذِیَ جارَهُ

4. Qonşusuna əziyyət etməz.

ویَرعى إخوانَهُ 

5. Camaatın – din qardaşlarının haqqını riayət edər.

ویَخزُنَ لِسانَهُ

6. Dilini qoruyar.

 

3. Orucluqla bağlı cəmiyyət üçün zəruri hesab etdiyiniz bir şəri məsələ deyərdiniz.

Şəri məsəl: Yaxşı olar ki, oruc tutan şəxs sübh azanından qabaq dişlərini yusun və fırçalasın. Yoxsa, gün ərzində dişlərinin dibində qalan yemək qırıntılarını udacağına əmin olduğu halda dişlərini təmizləməsə və yemək qırıntılarını da udarsa, orucu batil olar. Odur ki, sübh azanından öncə, imsak vaxtı dişlərin yuyulması və təmizlənməsi məsləhət görülür.

 

4. Orucluğun İslam cəmiyyəti üçün hansı təsiri var?

Orucun fəlsəfəsi ilə bağlı imam Sadiqin (ə) belə bir kəlamı var:

اِنّما فَرَضَ الله الصِیّام لِیَسْتَوِىَ بِهِ الغَنِىّ وَ الْفَقیر

“Həqiqətən, Allah orucu vacib etdi ki, varlı ilə yoxsul arasında bərabərlik yaransın.”

Və yaxud imam Rza (ə) buyurur:

عَلِةٌ الصَّوْمِ لِعِرْفانِ مَسَّ الْجوُعِ وَ الْعَطَش

“Orucun hikməti aclıq və susuzluğun dadı və tamı ilə tanış olmaqdır.”

Bu hədislərə istinadən, mübarək Ramazan ayında oruc ikən, dünyanın hər hansı bir məntəqəsində yaşayan müsəlmanların – Yəməndə, Fələstində, Suriyada və s. yerlərdə evlərini itirib çadırlarda yaşayan və ya dəmir vaqonlara sığınıb oruc tutan bacı-qardaşlarımızın da fikrində olaq!

 

5. Ramazan ayı həm də Quranın baharı hesab olunur. Bu ayda bir ayənin tilavəti bir Quran xətminə bərabərdir. Oruc tutan şəxslərə hansı ayəni oxumağı tövsiyə edərdiniz?

Bildiyimiz kimi, Quran həmişə diridir, ölməzdir, bu bir kitabdır ki, “İsra” surəsinin 9-cu ayəsində buyurulur:

إِنَّ هَذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ

“Həqiqətən, bu Quran möhkəm dəlillərlə insanları doğru yola hidayət edir.”

Yaxud da “Yunus” surəsinin 57-ci ayəsində Qurani-Kərimin xüsusiyyətləri ilə bağlı belə buyurulur:

يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ

“Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, qəlblərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət – yəni Quran – gəlmişdir!”

Nə yaxşı olar ki, oruc tutan möminlər bu ayələri oxuyub onların üzərində düşünsünlər, təfəkkür etsinlər.

 

6. Zəhmət olmasa, Ramazan ayı barədə məsumlardan (ə) və ya din alimlərindən ibrətli bir hadisə nəql edərdiniz.

Böyük şəxsiyyətlərin tövsiyəsi budur ki, bu ayın qədrini bilək, bu aydan layiqincə bəhrələnək, bu ayın bərəkət, rəhmət və məğfirətin ruhumuzla hiss edək, bu ayda ibadətin, məxsusən, orucun şirinliyin dadaq. Əllamə Seyid Qazi Əli Təbatəbai ağadan nəql edirlər ki, Ramazan ayı daxil olanda, həmçinin sona yetəndə, aya baxmadan ruhu ilə ayın daxil olduğunu və bitdiyini hiss edərmiş. Allah bizlərə ibadətin şirinliyini daddırsın!

Google+ WhatsApp ok.ru