Korla görən eyni deyil

Korla görən eyni deyil

Quran məsəllərindən nümunələr

Allah-Taala Qurani-Kərimin “Hud” surəsinin 23-24-cü ayələrində buyurur:

إِنَّ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَخْبَتُوا إِلَى رَبِّهِمْ أُولَئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِیهَا خَالِدُونَ

“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər və Rəbbi qarşısında təvazökar olanlar behişt əhlidirlər. Onlar orada həmişəlik qalacaqlar!”

مَثَلُ الْفَرِیقَینِ كَالْأَعْمَى وَالْأَصَمِّ وَالْبَصِیرِ وَالسَّمِیعِ هَلْ یسْتَوِیانِ مَثَلًا أَفَلَا تَذَكَّرُونَ

“İki dəstənin (kafirlərlə möminlərin) vəziyyəti “kor”la “kar”ın, “görən”lə “eşidən”in vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Bəs, nə üçün öyüd götürmürsünüz?”

Bir-birinə bağlı üç həqiqət

Birinci ayədə bir-birilə əlaqəli üç həqiqətdən söz açılır və onların ardıcıllıqla gəlişi danılmazdır: 1. iman; 2. saleh və yaxşı əməl; 3. Allaha təslim olmaq.

İman insanı əqidəsi uğrunda hərəkətə vadar edən mühərrikdir. İnsan elektrik cərəyanı olan məftilə əlini toxundurmağı özünə qəsd hesab edərək heç vaxt belə fikrə düşmür və onunla ehtiyatla davranaraq müqabilində müqavimət göstərmək haqda heç vaxt düşünmür. Odur ki, alim, qadir və Qiyamət günü hesab-kitab aparan Allaha iman gətirən kəslər də çirkin işlərə yaxınlaşmır, daim yaxşı əməl haqda düşünürlər. Onların gözü açıq, qulağı eşidəndir. İmam Əli (ə) təqvalıları belə təsvir edir:

“Onlar Allahın rəva bilmədiyi şeyə göz yumar (harama mürtəkib olmaz), xeyirli öyüdlərə qulaq verərlər... Onların cənnətə yəqin və inamları sakinlərinin orada rahatlıq içində olduğunu, eləcə də, cəhənnəmə imanları sakinlərinin əzaba düçar olduğunu görən şəxsin imanı kimidir.” (“Nəhcül-bəlağə”, “Həmmam” xütbəsi – 193.)

Onların müqabilində Allaha üsyankar olan, yaxşı işlərdən uzaq, Onun əmr və qadağalarına təslim olmayan və nəticədə, haqqa qarşı kar və kor olan kafirlər durur.

Belə isə, Allaha iman gətirib yaxşı işlər görən, Ona təslim olan, həqiqətləri görən və ilahi nidaları eşidən şəxslə Allaha üsyankarlıq edib çirkin işlərlə məşğul olan, Ona təslim olmayan və nəticədə, həqiqətlərə qarşı kar və kor olan bərabərdirmi? Cavab mənfidir və heç vaxt bu iki dəstə bərabər ola bilməz! Odur ki, qəlbi ayıq olan mömin görən və eşidənə, qəlbi ölü olan kafir isə kor və kara bənzədilir. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 5-ci məsəl.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru