Körpələri oksigenlə zəngin olan yaşıllıq ərazilərdə gəzintiyə çıxarmaq lazımdır

Körpələri oksigenlə zəngin olan yaşıllıq ərazilərdə gəzintiyə çıxarmaq lazımdır

Havalar istiləşdikcə uşaqların açıq havada vaxt keçirməsi aktuallaşır. Xüsusilə karantin rejimi zamanı vaxtlarının çox hissəsini qapalı mühitdə keçirən uşaqların günəş şüasına və D vitamininə ehtiyacı artır.
 
Maide.Az xəbər verir ki, paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: “Açıq havada olmaq uşaqların boy artımı və fiziki inkişafına çox müsbət təsir göstərir, fiziki aktivlik onlarda maddələr mübadiləsini sürətləndirir, tonusu qaldırır, immuniteti gücləndirir. Uşaqları təbiət qoynunda, açıq havada gəzdirmək onların orqanizmini möhkəmləndirir, qanı oksigenlə təmin edir, xəstəliklərin qarşısını alır. Aktiv həyat uşaqların yaşıdları ilə ünsiyyət qurmasına da şərait yaradır”.
 
Uşaqların açıq havada olmaq müddətinə də fikir verməyin lazım olduğunu qeyd edən həkim-pediatr bildirib: “Gəzdirmə saatlarının günün birinci yarısı saat 11-ə qədər, günün ikinci yarısı saat 5-dən sonra olması məsləhətdir. Yeni doğulanlar ilk gün 10 dəqiqə və hər gün 5 dəqiqə artırmaq şərtilə havaya çıxarılır. Körpələr həmin hava şəraitində özlərini rahat hiss etsələr, onları həmin havada həm yatızdırmaq, həm də qidalandırmaq olar”.
 
Lakin nəzərə almaq lazımdır ki, sərin və rütubətli hava körpəni üşüdə bilər. Günəş şüaları altında gəzmək də məsləhət görülmür.
 
Həkim-pediatr deyib: “Çalışmaq lazımdır ki, uşaqlar daha çox oksigenlə zəngin olan yaşıllıq ərazilərdə gəzintiyə çıxarılsın. Açıq havada azyaşlı uşaqların gəzinti və qidalanmasını tarazlamaq çox rahatdır. Məktəbyaşlı uşaqların dərsdən evə qayıdandan sonra qidalanıb havaya çıxmaları daha düzgündür”.
 
Uşaq və körpələr üçün gündəlik rejimin təşkili və ona əməl olunması onların təhsil və sağlamlıq inkişafı üçün vacibdir. Valideynlər bunları nəzərə alaraq övladları üçün sabit rejim müəyyənləşdirməlidirlər.

Google+ WhatsApp ok.ru