İlahi qonaqlığın xüsusiyyətləri

İlahi qonaqlığın xüsusiyyətləri

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 185-ci ayəsində buyurur:

 

شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُواْ الْعِدَّةَ وَلِتُكَبِّرُواْ اللّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

 

“Ramazan ayı insanları hidayət edən, aşkar hidayət dəlillərinə malik olan və (haqq ilə batili bir-birindən) ayıran Quranın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun. Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. (Orucun qəzası) onun üçündür ki, müəyyən olmuş günlərin sayını tamamlayasınız sizi hidayət etdiyi üçün Allahı uca tutub yad edəsiniz ki, beləcə şükür edən olasınız.”

“Ramazan” sözü yandırmaq mənasını verən “rəmz” kökündəndir. Bu elə bir yanmadır ki, tüstüsü və külü olmur. Uyğun sözün bu ay haqqında işlədilməsinin səbəbi həmin ayda insanın günahlarının yanmasıdır.

Ramazan ayı Quranın nazil olduğu aydır. Bu ay Quranda adı çəkilən yeganə aydır. “Qədr” gecəsi də bu aydadır. “Bürhan” təfsirində həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bütün səmavi kitablar Ramazan ayında nazil olmuşdur və Ramazan ayı Allahın ən üstün ayıdır.”

İslam asan bir dindir və onun bünövrəsi çətinliklər üzərində qurulmamışdır. Kim xəstə və ya müsafirdirsə, oruc tutmamalıdır. Belələri buraxdıqları günlərin sayı qədər növbəti günlərdə qəza orucunu yerinə yetirməlidirlər. Əgər dəstəmaz almaq çətindirsə, təyəmmüm etmək olar. Əgər namazda ayaqüstə durmaq çətinlik yaradırsa, oturaq halda namaz qılmağa icazə var. Bu qanun fiqhdə “la hərəc” (İslam çətinlik yoxdur) qaydası adı ilə məşhurdur.

Ramazan ilahi qonaqlıq ayıdır

Ramazan ayında möminlər “ya əyyuhəlləzinə amənu kutibə ələykumus-siyam” (Ey möminlər, sizə oruc vacib edildi..) – dəvətnaməsi ilə ilahi qonaqlığa çağırılmışlar. Bu qonaqlığın xüsusiyyətləri vardır:

1. Süfrə sahibi Allahdır. O, qonaqları Özü şəxsən dəvət etmişdir.

2. Qəbul vasitəsi Quranın “Qədr” gecəsi nazil olması, mələklərin enməsi, duaların qəbulu, ruhların lətafəti və cəhənnəmdən uzaqlıqdır.

3. Qəbul zamanı Ramazan ayıdır. Rəvayətlərə görə, onun əvvəli rəhmət, ortası bağışlanma, sonu isə mükafatdır.

4. “Qədr” gecəsi qəbul belədir ki, həmin gecə qonaqların bir illik ehtiyacı təmin olunur. Mələklərin nazil olması ilə “Qədr” gecəsində yer üzü zinətlənir.

5. Bu ayın qidası ruhi qidadır və mənəvi təkamül üçün bu qida zəruridir. Bu qonaqlığın qida lütfü Quran ayələridir. Ramazan ayında tilavət olmuş bir ayə digər aylarda bütün Quranı oxumağa bərabərdir.

Bu qonaqlığın dünyəvi qonaqlıqlara heç bir oxşarı yoxdur. Bu qonaqlıqda alim, qəni, xaliq, əbədi, əziz, cəlil Allah cahil, fəqir, fani, yaranmış və zəlil insanları süfrə ətrafına toplayır və buyurur: “Mən sizin dualarınızı qəbul edər və Ramazan ayında çəkdiyiniz hər nəfəs üçün bir təsbih mükafat əta edərəm.” (Peyğəmbərin Şəbaniyyə xütbəsindən.)

Qonaqlığın ədəbləri

“Vəsailuş-şiə” kitabında oructutan şəxsin əxlaqı haqqında geniş bir rəvayətdə oxuyuruq: “Oruc şəxs yalandan, günahdan, yersiz mübahisədən, həsəddən, qeybətdən, haqqa qarşı çıxmaqdan, söyüşdən, danlaqdan, qəzəbdən, tənədən, zülm və xalqa əziyyətdən, qəflətdən, günahkarlarla ünsiyyətdən, söz gəzdirməkdən, haram yeməkdən uzaq olsun. Namaz, səbir və sədaqətə, qiyamətin xatırlanmasına xüsusi diqqət yetirsin.” (“Vəsailuş-şiə”, c.7, səh.119.)

Bu qonaqlıqda iştirakın şərti təkcə aclığa dözüm deyil. Hədisdə nəql olunmuşdur: “Səmavi rəhbərlərin itaətindən çıxan, ailə və şəxsi məsələlərdə zövcəsi ilə pis rəftar edən, onun şəri istəklərini yerinə yetirməyən, valideynini narazı salan kəsin orucu qəbul deyil. Belə şəxs ilahi ziyafətin şərtlərini yerinə yetirməmişdir.”

Oruc bədəndən çöküntü maddələri çıxarmaq kimi tibbi faydaya malik olsa da, səhər oyanmaq, ruhun lətafəti, bu ayda duaların qəbulu başqa bir aləmdir. Əsl məhrum o şəxsdir ki, bütün bu xeyir və bərəkətlərdən məhrum qalsın.

Bildirişlər

1. Ramazan ayını dəyərli edən həmin ayda Quranın nazil olmasıdır. İnsan da elə dəyərli ola bilər ki, Quran onlara nüfuz etmiş olsun.

2. Hidayətin mərhələləri vardır: biri ümumi mərhələ, digəri xüsusi mərhələ.

3. Ramazan ayının çatmasına əminlik yarandıqda oruc vacib olur.

4. Xəstə və müsafir üçün orucun qəzasını tutmaq vacibdir.

5. Qəza orucu üçün xüsusi bir vaxt təyin olunmayıb.

6. İlahi hökmlərdə onların yüngüllüyü və insanın taqəti nəzərə alınıb.

7. Çətinlik və sıxıntı vacib vəzifələri insanın çiynindən götürür.

8. Qəza orucu üzrlü günlərin sayı qədər olmalıdır.

9. İbadətin yerinə yetirilməsində hidayət və tovfiq Allah tərəfindəndir. Təkbir Allahın uca tutulmasını və Ondan qeyrilərinə diqqətsizliyin göstəricisidir.

10. Oruc, insanın hidayəti və şükür etməsi üçün zəmin yaradır.

(“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 185-ci ayənin təfsiri.)

Maide.az

Google+ WhatsApp ok.ru