Ölkədə zəif qidalanmadan yaranan anemiyalar artır

Ölkədə zəif qidalanmadan yaranan anemiyalar artır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarına görə, dünya əhalisinin 2 milyarda yaxınında anemiya səciyyəli dəmir çatışmazlığı var. Anemiyadan əziyyət çəkənlərin 90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. Keçən il “Himayədar” Humanitar Tərəqqi ictimai birliyinin ölkəmizdə anemiya xəstəliyi ilə bağlı apardığı araşdırma zamanı da  ortaya acınacaqlı rəqəmlər çıxıb. O araşdırmada yer alan Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycanda əhalinin 100 min nəfərindən 435,3 nəfəri anemiya xəstəsi kimi qeydiyyatdadır. Bu o deməkdir ki, ölkə əhalisinin  təqribən hər 100 nəfərindən 5-i anemiya xəstəsidir. Daha pisi odur ki, ölkədə anemiya xəstələrinin sayı ildən-ilə artan xətlə davam edir. Məsələn, 2013-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan anemiya xəstələrinin sayı 37 435, 2014-cü ildə 43 730, 2015-ci ildə 45798 nəfər olub.
 
Təəssüflər olsun ki, bu sahədə uşaqlarla bağlı statistika da ürəkaçan deyil.  Belə ki,  Azərbaycanda İlk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 2014-cü ildə 24 769, 2015-ci ildə isə 28 018, 2016-cı ildə 28 948 nəfər olub.
 
Ölkədə əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək uşaqların da sayı çoxalıb. 2014-cü ildə əhalinin hər 100 000 nəfərinə düşən anemiya diaqnozu ilə qeydə alınmış uşaqların sayı 969,2 nəfər olduğu halda,  2015-ci ildə isə 1087,7 nəfər, 2016-cı ildə 1114 nəfər olub.
 
Son rəqəmlərə görə 982-dən çox uşağa ilk dəfə boy atmanın ləngiməsi və zəiflik, 353 uşağa yod çatışmazlığı, 67 uşağa A vitamini çatışmazlığı diaqnozu qoyulub.  Ümumdünya Ərzaq Proqramının ötən il ərzaq və qidalanma təhlükəsizliyi üzrə apardığı araşdırmalar göstərir ki, Azərbaycanda 5 yaşdan yuxarı uşaqlar arasında anemiyanın yayılma dərəcəsi 52% təşkil edir.
 
Ölkədə ana və uşaq ölümlərində anemiyanın faiz dərəcəsi dəqiq məlum deyil. Amma YUNİSEF-in araşdırmalarına görə, Azərbaycanda qida çatışmazlığı, xroniki, irsi xəstəliklər, zərərli ekoloji faktorların təsirləri nəticəsində inkişaf edən anemiyaların bu ölümlərdə yüksək payı var.
 
Ölkədə artan xəstəlik dərəcəsinə münasibət bildirən həkim-ginekoloq Günel Məmmədli deyir ki, problem, həqiqətən, acınacaqlıdır. “Bizə müraciət edən hamilə qadınların 80%-də qanazlığı olur. Artıq bu hal o dərəcədə ənənəvi xarakter alıb ki, qeydiyyata düşən qadınlarda anemiyaya rastlanmadığı halda heyrətlənirik. Şübhəsiz ki, hamilə qadınlarda qanazlığı  həm onun özü, həm də dünyaya gələcək uşaq üçün böyük fəsadlar törədə bilər. Ona görə də, hamiləlik dövründə bunu hər vasitə ilə aradan qaldırmağa çalışırıq ki, ananın və körpənin həyatına təhlükə yaranmasın. İrsi xəstəliklərlə bağlı yaranan anemiya başqadır və o, xüsusi xəstəlik hesab olunur. Amma hamiləlik qanazlığını çox halda həkim nəzarətində düzgün qidalanmaya əməl etməklə müəyyən vaxtdan sonra aradan qaldırmaq, normaya salınması tam mümkün məsələdir.”
 
Məlum statistikaya münasibət bildirən həkim R. Bağırov isə deyir ki, indi xəstələrdə rast gəlinən qanazlığı faizi sovet dövrü ilə müqayisəyə gəlməz. Sovet dövründə anemiyalı xəstələrin analizi zamanı qeydə alınan qan faizi o qədər çox insanda aşağı səviyyədə olurdu ki, həkimlər artıq o səviyyəni normal olaraq qəbul edirdilər. “Şübhəsiz, qanazlığı, əsasən, qidalanma ilə bağlı problem olduğuna görə, müəyyən müddətə onu aradan qaldırmaq, xəstənin normal həyat tərzini bərpa etmək mümkündür. Bunun üçün, sadəcə, yaxşı qidalanma və həkimin göstərişlərinə əməl etmək tələb olunur.” (azadliq.info)
 

Google+ WhatsApp ok.ru