Məmmədovların “Lans” savaşı: Hafiz, yoxsa Anar?

Səhmlərinin üçdə ikisi azərbaycanlı oliqarx, “Baghlan Group” şirkətinin prezidenti Hafiz Məmmədova məxsus olan Fransanın “Lans” futbol klubu ətrafındakı qalmaqal yeni mərhələyə daxil olub.
 
Fransa KİV-ləri “Lans”ın nəzarət səhm paketinin hazırkı sahibinin kim olduğunun açıq qaldığını yazır. “Lans” prezidenti Jerve Martel isə jurnalistlərə bildirib ki, məsələni aydınlaşdırmaq üçün Bakıya gəlir.
 
Xəbər verdiyimiz kimi, ötən ay azərbaycanlı oliqarx Anar Məmmədov “Lans”ın futbolçu transferi hüququ əldə etməsi üçün lazım olan məbləği - 2,5 milyon avronu Hafiz Məmmədovun əvəzindən “Point to Point” offşor şirkəti üzərindən klubun bank hesabına köçürüb.
 
Jerve Martel bəyan edib ki, bağlanmış müqavilənin şərtinə əsasən əgər Hafiz Məmmədov borc kimi verilən həmin məbləği dekabrın 31-nə qədər qaytarmasa, “Lans”ın səhmlərinin üçdə ikisi Anar Məmmədovun mülkiyyətinə keçəcək. Başqa sözlə desək, Hafiz Məmmədovun 20 milyon avroya aldığı səhm paketini nəqliyyat nazirinin oğlu cəmi 2,5 milyon avroya sahiblənmiş olacaq.
 
Lakin əsl qalmaqal bu xəbərlərin yayılmasından sonra başladı. H.Məmmədov virtualaz.org saytı vasitəsilə qalmaqallı bəyanatla çıxış edərək bildirdi ki, o, sözügedən müqaviləyə imza atmayıb və “Lans” klubunun səhmlərinin başqa investora keçməsinə dair heç bir hüquqi razılaşma yoxdur.
 
Fransa KİV-ləri isə xəbər verdi ki, 2,5 milyon avronun ödənilməsinə dair müqavilədə H.Məmmədovun imzası saxtadır və Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DSNJ) bu məsələni araşdırır.
 
Beləliklə, əgər müqavilə həmin şərtlə imzalanmışdısa və orada H.Məmmədovun imzası yer alırdısa, o zaman yanvarın 1-dən etibarən “Lans”ın nəzarət səhm paketinin hüquqi sahibi Anar Məmmədov olmalı idi.
 
Bu baxımdan Fransa mediası yanvarın 1-i olan kimi aşağıdakı suala cavab axtarmağa çalışdılar: “Lans”ın sahibi kimdir: Anar, yoxsa Hafiz Məmmədov?
 
Və həmin suala heç kim aydın cavab verməyib.
 
"Virtualaz" xəbər verir ki, “La Voix du Nord” qəzetinin yazdığına görə, heç Jerve Martel özü də bu sualın cavabını bilmir. Martel yanvarın 8-də jurnalistlərə bildirib ki, məsələni aydınlaşdırmaq üçün bu həftənin sonunda Bakıya yollanacaq. Səfərin məqsədi “Lans”ın səhmdarının Anar, yoxsa Hafiz Məmmədov olduğunu aydınlaşdırmaqdır.
 
J.Mertelin sözlərinə görə, iki Məmmədovdan  biri klubun maliyyə gələcəyini həll edəcək.
 
Qəzet xatırladır ki, dekabrda Azərbaycan hökumətinin “Lans”ın problemini nəqliyyat nazirinin oğlunun vasitəsilə həll etdiyi haqda xəbərlər yayılmışdı. Lakin H.Məmmədov qəzəbli bəyanat yayaraq “mən belə müqavilə imzalamamışam” dedi. “Lans” isə bu gözlənilməz dönüşlə bağlı susmağa üstünlük verdi.
 
“Lans”ın büdcəsinə Anar Məmmədov tərəfindən 2,5 milyon avronun ödənilməsinə dair bağlanmış müqavilədə imza atan tərəflərdən biri olan Jerve Martel bu vaxta qədər nə H.Məmmədovun imzasının saxta olduğu haqda iddialara, nə də klubun sahibinin Hafiz, yoxsa Anar Məmmədov olduğuna aydınlıq gətirməyib.
 
“Mən hər şeyi aydınlaşdırmaq ümidi ilə Bakıya gedirəm. Bu, klubun gələcəyi üçün çox mühümdür. Bizim sahibimiz kimdir? Bu, Hafiz də ola bilər, Anar da, bir başqası da. Mən hələ heç nə bilmirəm, heç nə bitmiş hesab edilmir...Mənim əlimdə bütün məlumatlar var, ancaq sizə heç nə deyə bilmərəm” - deyə J.Martel jurnalistlərə bildirib.
 
J.Martel deyib ki, DSNJ iki məsələyə cavab verilməsini gözləyir: klubun mülkiyyətçisinin kim olduğuna real olaraq aydınlıq gətirilsin, həmçinin kluba mövsümü başa çatdırmaq üçün lazım olan 10, yaxud 14 milyon avro ödənilsin.
 
“Biz Bakıdan DSNJ-nin bu suallarına dəqiq cavab gətirmək üçün səy göstərəcəyik” - J.Martel bildirib.
 
“L'Equipe” jurnalı isə yazıb ki, DSNJ “Lans”a 14 milyon avronun ödənilməsi üçün son müddət kimi yanvarın 31-dək vaxt verib. Əgər bu vəsait həmin vaxta qədər ödənilməsə, “Lans” çıxılmaz vəziyyətdə qalacaq və yüksək liqadan çıxarılacaq.
 
Jurnal klubun sahibinin Hafiz, yoxsa Anar Məmmədov olduğunu heç Jerve Martelin də bilmədiyini də xatırladır. Bu baxımdan klubun düşdüyü mürəkkəb vəziyyətin daha da qəlizləşdiyini qeyd edir.

Google+ WhatsApp ok.ru