İmanın həqiqəti, imanın fəziləti

İmanın həqiqəti, imanın fəziləti

“İman” lüğətdə təsdiq etmək və inanmaq, rəvayətlərdə isə əmin-amanlıq mənalarını verir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:

اِنَّما سُمعِّیَ المُؤمِنُ مُؤمِناً لاِنَّهُ یُؤمِنُ عَلَی اللهِ فَیُجیزُ اَمانَهُ

“Möminin “mömin” adlanmasının səbəbi onun Allahdan əmin-amanlıq istəməsi və Allahın da onun əmin-amanlığını qəbul etməsidir.” (“Biharul-ənvar”, c.67, səh.60.)

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə də belə buyurulur:

أَلا اُنَبِّئُکُم لِمَ سُمِّیَ المُؤمِنُ مُؤمِناً؟ لاِیمانِهِ الناسَ عَلی اَنفسِهِم و اَموالِهِم.

“Sizi möminin “mömin” adlanmasının səbəbindən agah edimmi? Səbəbi odur ki, insanların canları və malları onun əlindən əmin-amanlıq və rahatlıqdadır.” (“Biharul-ənvar”, c.67, səh.60.)

Allahın müqəddəs adlarından biri də “mömin”dir və alimlər onu belə təfsir etmişlər: “Allahın “mömin” adlanmasının səbəbi odur ki, Allah Ona itaət edən şəxsi Öz əzabından amanda saxlayar.”

Bir çox rəvayətlərdə göstərilir ki, islami göstərişlərə və hökmlərə əməl etmək imanın tərkib hissəsidir. Bu haqda İmam Sadiqdən (ə) diqqəti cəlb edən belə bir rəvayət nəql olunmuşdur:

مَلعُونُ مَلعُونّ مَن قالَ: الایمانُ قَولُ بِلا عَمَلٍ.

“İmanın əməlsiz söz olduğunu deyən şəxs məlundur, məllundur (Allahın rəhmətindən uzaqdır).” (“Biharul-ənvar”, c.69, səh.19.)

Peyğəmbəri-Əkrəm (s) və məsum imamlardan (ə) müxtəlif silsilə sənədlərlə nəql olunun ondan çox hədisdə belə buyurulur:

اَلایمانُ اِقرارُ بِاللِّسانِ وَ مَعرِفَةُ بِالقَلبِ وَ عَمَلُ بالاَرکانِ

“İman dildə iqrar etmək, qəlbən tanımaq və bədən üzvləri ilə əməl etməkdir.” (“Biharul-ənvar”, c.69, səh.64.)

İmanın fəzilətinə gəldikdə isə, bununla bağlı ayə və rəvayətlərin sayı az deyildir. Qurani-Kərimdə mömin və saleh əməl sahibləri üçün ilahi hidayət, nicat və qurtuluş, əbədi Cənnət, möhkəm və qırılmaz ilahi kəndirdən yapışmaq, ilahi rəhbərlik, zülmətdən nura çıxmaq, Allah dərgahında savab, qəm-qüssənin aradan qaldırılması, böyük ilahi mükafat, Allahın lütf və mərhəmətinə şamil olmaq, doğru yola yönəlmək, nemətlə dolu cənnətlərə daxil olmaq, günahların bağışlanması, bol ruzi, Allah dərgahında sabitqədəmlik, ilahi razılıq (böyük qurtuluş), dünya və ölüm zamanı bəşarət, məhəbbət, dostluq və bu kimi onlarla mükafat nəzərdə tutulur. (Bax: “Biharul-ənvar”, c.67.)

Möminin hörməti haqda imam Sadiqdən (ə) belə nəql olunur:

اَلمُؤمنُ اَعظَمُ حُرمةً مِنَ الکَعبةِ

“Möminin hörməti Kəbənin hörmətindən böyükdür.” (“Biharul-ənvar”, c.68, səh.67.)

Başqa bir rəvayətdə onun məqamının Allah dərgahında “müqərrəb” mələklərdən üstün olduğu bildirilir. Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَلمُؤمنُ اَکرَمُ عَلَی اللهِ مِن مَلائِکَتِهِ المُقرِّبینَ

“Mömin Allah dərgahında “müqərrəb” mələklərdən üstün və hörmətlidir.” (“Mizanul-hikmə”, c.1, səh.331.)

Bu mövzu ilə bağlı ən dolğun və bitkin söz, bəlkə də, İmam Əlinin (ə) bu kəlamıdır: “Ən yüksək hədəf imandır.” (“Qurərul-hikəm”, c.1, səh.213.)

Yəni imandan yüksək hədəf, fəzilət və mərtəbə yoxdur. Başqa sözlə, fəzilətlər silsiləsinin sonu imandır.

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru