Qırmızı ət yemək risklidirmi

Qırmızı ət yemək risklidirmi

Qırmızı ət istehlakını xərçəng, ürək xəstəlikləri ilə əlaqələndirirlər. Ancaq bu risk burqer və steykdən imtinaya əsas verirmi? “The Associated Press” agentliyi bu suala cavab axtarır.

Bir qrup beynəlxalq tədqiqatçı indiyədək mövcud tövsiyəyə zidd olaraq bu suala “xeyr” cavabını verir. Dünən – sentyabrın 30-da açıqlanmış araşdırmaya görə, qırmızı ətin yaratdığı risklər böyük deyil, həm də qeyri-müəyyəndir, bu səbəbdən ətsevənlərin ondan imtina etməsinə dəyməz.

Ancaq Birləşmiş Ştatların bir qrup alimi dərhal bu araşdırmaya hücum çəkib, hətta onun dərcini önləməyə çalışıb.

Yeni araşdırma iddia eləmir ki, qırmızı ət, yaxud hot-doq və beykon kimi ət məhsulları sağlıqlıdır və adamlar onları daha çox istehlak edə bilərlər. Öncəki araşdırmalar qırmızı əti xərçəng, ürək xəstəliyi və səhhətlə bağlı digər pis nəticələrlə əlaqələndirirdilər. İndi isə tədqiqatçılar buna dəlilin zəif olduğunu, bu xəstəliklərin təkcə ətlə deyil, digər yemək vərdişləri və həyat tərziylə əlaqəsindən danışırlar.

Ziddiyyətli araşdırmalar

Risklərin miqyasını anlayan bir çoxları deyərlər ki, “Çox sağ olun, ancaq mən ət yeməyə davam edəcəyəm”, – araşdırmanın həmmüəllifi, Kanadadakı McMaster Universitetindən Dr. Gordon Guyatt deyib.

Agentlik yazır ki, son araşdırma da qida tədqiqatlarının necə ziddiyyətli olmasına, qeyri-müəyyənliklərin bir-birinə zidd tövsiyələrə yol açmasına daha bir örnəkdir. Tənqidçilərin fikrincə, tapıntıların arxasında güclü dəlil dayanmır.

“Biz dəlilin çəkisinə baxmalıyıq, məhkəmələr də belə işləyir”, – Harvard Universitetində qida professoru Dr. Walter Willett belə deyir. O, araşdırmanın dərcinin ertələnməsinə çağıranlar sırasında idi.

Araşdırma müəllifləri daha az ət yeməyin potensial təsirini dəyərləndirməyə çalışıblar. Məsələn, Şimali Amerika və Qərbi Avropada həftəyə ortalama 2-4 dəfə ət yeyilir. Ancaq ət yeməyi azaltmağa elə bir ciddi əsas ortaya çıxmayıb. Məsələn, həftəlik menyudan 3 ət porsiyasını çıxarmaq hər 1000 adama düşən xərçəng xəstələrinin sayının cəmi 7 nəfər azalması deməkdir.

Buna görə də tədqiqatçılar deyirlər ki, səhhətə görə ət yeməyi azaltmağa dəyməz. Amma onlar özləri də bu tövsiyənin zəifliyini etiraf edirlər, heyvanların rifahı, ət istehsalının ətraf mühitə təsiri kimi faktorları öyrənmədiklərini vurğulayırlar. /azadliq.org

Google+ WhatsApp ok.ru