Səhiyyə Nazirliyi: Depressiya halları artıb

“Bizim Mərkəzə hər il təxminən 2 000 yeni xəstə müraciət edir. 2014-cü ildə bu say 1 680-dən, 2015-ci ildə 1 900-dən çox olub”.
 
Bunu APA-ya Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin (PSM) rəhbəri, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.
 
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə depressiyaya meyllilik kişilərə nisbətən qadınlarda 2 dəfə çoxdur: “Bu, Azərbaycana da aiddir”.
 
F. İsmayılov “Azərbaycanda intihar edənlərin neçə faizi ruhi xəstələrdir?” sualına cavab olaraq deyib ki, psixi sağlam olan insan heç vaxt intihar etmir: “İnsanda ən azı krizis vəziyyəti, depressiya halı olmalıdır ki, o özünü öldürsün. Hazırda bütün dünya üzrə, o cümlədən də Azərbaycanda depressiya hallarının sayı artıb”.
 
PSM-in rəhbəri əlavə edib ki, ÜST-ün məlumatına görə ən çox rast gəlinən psixi xəstəliklər və narahatlıqlar üzrə 1-ci yerdə depressiya halı gəlir: “Təxminən 20 faiz insanda nə vaxtsa depressiya inkişaf edə bilər. Hər gün təxminən 10 faiz insan depressiyadan əziyyət çəkir. Bu, Rusiyada da, İranda da, Azərbaycanda da belədir. 2-ci yerdə isə təşviş pozuntuları gəlir. Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Onlarda tez-tez posttravmatik stress pozuntusu müşahidə olunur. Çünki onlar müharibə ilə bağlı travma alıb”.
 
F. İsmayılov qeyd edib ki, Azərbaycanda intiharların sayı digər ölkələrlə müqayisədə azdır: “Azərbaycanda suisidlər digər ölkələrlə müqayisədə kifayət qədər azdır. Adətən 100 min nəfərə 10 suisid daha çox narahatlıq yaradır. Məsələn, Rusiyada təxminən 100 min nəfərə 27, Litvada 100 min nəfərə isə 30-dan yuxarıdır. Bizdə isə heç 5 yoxdur. Təxminən 100 min nəfərə 4,7-4,8 suisid düşür. Bizim cəmiyyətdə psixi xəstəliklərlə bağlı həkimə müraciət etməyə qorxurlar. Fikirləşirlər ki, bizdə qeydiyyat aparılır. Qanunvericiliklə bizdə qeydiyyat yoxdur, psixi xəstələrin qeydiyyatı aparılmır. 1 nəfər bu yaxınlarda müraciət bizə etmişdi. Deyirdi, arayış verin ki, mənim qohumlarımda psixi xəstə yoxdur. Əgər mənim qohumlarımın arasında psixi xəstə olsa, məni işə qəbul etməyəcəklər. Bu stiqma-damğadır. Psixi xəstəliklər ən azı 25 faiz insanda, o cümlədən hamının qohumunda ola bilər. Bu o demək deyil ki, sizi işə qəbul etməməlidirlər. Bu, böyük problemdir. Bizim cəmiyyətdə psixi xəstəliklərə, psixi xəstələrə qarşı düzgün münasibət yoxdur. Ona görə də depressiyaya düşən insanlar bizə müraciət etmirlər”.

Google+ WhatsApp ok.ru