ÜST-dən yeni məsləhət: ictimai yerlərdə maska taxın

ÜST-dən yeni məsləhət: ictimai yerlərdə maska taxın

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əvvəlki məsləhətini dəyişdirib və bildirir ki, koronavirusun yayılmasının qarşısını almaq üçün ictimai yerlərdə üz maskaları taxılmalıdır.

Qlobal səhiyyə qurumuna əsasən, yeni məlumatlar maskaların "potensial yoluxucu damcılar qarşısında maneə" ola biləcəyini göstərir.

ÜST əvvəllər bildirirdi ki, sağlam insanların maska taxmalı olduğunu söyləmək üçün kifayət qədər dəlil yoxdur.

Virusun ötürülmə riski olduğu yerlərdə insanlara "parça maskası, yəni tibbi olmayan maska" taxmaq tövsiyə olunur, ÜST-ün Covid-19 üzrə aparıcı texniki mütəxəssisi dr. Maria Van Kerkhove Reuters agentliyinə deyib.

Təşkilat daim tövsiyə edib ki, xəstələr və onlara qayğı göstərən şəxslər tibbi maskalardan istifadə etməlidirlər.

ÜST vurğulayır ki, üz maskaları yoluxma riskinin azaldılmasına xidmət edən vasitələrdən yalnız biridir və onların istifadəsi insanlarda yanlış əminlik hissi yaratmamalıdır.

"Öz-özlüyündə maskalar sizi Covid-19-dan qoruya bilməz" , - ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus deyib.

ABŞ-dakı Johns Hopkins Universitetinin məlumatına görə, keçən ilin sonundan bəri dünya boyunca koronavirusla bağlı 6,7 milyon təsdiqlənmiş hadisə və təxminən 400 000 ölüm halı qeydə alınıb./bbc

Google+ WhatsApp ok.ru