Uşaqlarda dərmanlara dayanıqlı virus yayılıb - Həkim məsləhəti

Son günlər ölkədə uşaqlar arasında burun axması, öskürəklə müşahidə olunan xəstəliyə rast gəlinir. Ölkədə bir çox ailələr bu durumdan ciddi narahatlıqlarını ifadə edirlər.
 
Pediatr-allerqoloq Xəyalə Quliyeva Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu xəstəlik 2-3 yaşına qədər olan uşaqlar arasında geniş yayılıb: “Ölkədə ciddi virus infeksiyası yayılıb. Amma bunun fərqi ondadır ki, həddindən artıq uzun çəkən bir prosesdir. Bu virusa yoluxan uşaqlarda 2-4 həftə davam edir. Əsasən bu 2-3 yaşına qədər olan uşaqlar arasında geniş yayaılıb. Son bir ayda bu virus kifayət qədər geniş çevrədə müşahidə olunmağa başlayıb. Bu virus infeksiyasının mənbəyinin hara olduğunu bilmirik. Amma dərmanlara kifayət qədər davamlı viruslardır. Bu virusların müalicəsi üçün heç bir tədbirlər kömək etmir. Bu baxımdan, əlimizdən gələni edib, sadəcə zamana buraxırıq.
 
Bu virusa yoluxma ilk olaraq burunaxma ilə müşahidə olunur. Adi zökəm infeksiyası kimi, özünü göstərir. Daha sonra proses get-gedə irəliləməyə başlayır və xəstəliyə öskürək də qoşulur. Sonrakı mərhələdə hərarət də yüksəlir. Amma yenə qeyd edim ki, bu proseslər kifayət qədər uzun sürür. Hərarət uzun çəkməsə də burunaxma uzun müddət davam edir. Bu proses tədricən bronxlara keçirsə, ağırlaşma olaraq ağciyərin iltihablaşması olan sətəlcəm səviyyəsinə də çata bilər. Analar kifayət qədər ehtiyat etməlidirlər. Problem də ondan qaynaqlanır ki, bəzən analar özləri təkbaşına bu xəstəlyin müalicəsinə başlayır. Kimdən nə eşidirlərsə onu da tətbiq edirlər. Lap ağırlaşdıqda həkimə müraciət edirlər. Bu zaman isə həkimlər çox çıxılmaz duruma düşürlər.
 
Bu virus infeksiyası ilə bizə müraciət etdikdə çalşırıq ki, bitki tərkibli dərmanlarla müalicəsini aparaq. Uşaqlara hər dərmanı vermək mümkün deyil. Uşaqlara çobanyastığı, heyva, alma tumu dəmləməsini məsləhət görürük. Ən əsası uşaqlara bol-bol maye vermək lazımdır. Uşaqların burnuna dəniz suyu tərkibli burun spreylərindən istifadə etmək lazımdır". /
 

Google+ WhatsApp ok.ru