Vərəmə tutulmamaq üçün 5 sadə qayda

Vərəmə tutulmamaq üçün 5 sadə qayda

-- Dünyada yaşayan insanların 1/3 hissəsində latent vərəm var

İmmun sistemi müxtəlif səbəblərə görə (xroniki xəstəliklər, yaşlanma, stress, natamam qidalanma və s.) zəiflədikdə bu insanlarda vərəm xəstəliyi inkişaf edə bilər
 
Vərəm hava-damcı yolu ilə keçən infeksion xəstəlikdir. Bu infeksiyanı vərəm mikobakteriyaları (digər adı — Kox çöpləri) yaradır.
 
Vərəm xəstə insandan sağlam insana çox asan keçir. İnsan bu infeksiyaya istənilən ictimai yerdə (dükan, məktəb, uşaq bağçası, metro, avtobus və s.) yoluxa bilər. Orqanizmə düşdükdən sonra Kox çöpləri qan və limfa axını ilə bütün orqanizm boyu yayılır və bu səbəbdən bir çox orqanlarda xəstəlik yarada bilirlər (dəri, cinsiyyət orqanları, sümüklər, bağırsaq, gözlər və s.). Lakin daha tez-tez ağciyər vərəminə təsadüf edilir.
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yaşayan insanların 1/3  hissəsində latent vərəm var. Bu o deməkdir ki, bu insanlar artıq vərəm infeksiyasına yoluxub, lakin (hələ) xəstə deyillər və infeksiyanı digər insanlara ötürmürlər. İmmun sistemi müxtəlif səbəblərə görə (xroniki xəstəliklər, yaşlanma, stress, natamam qidalanma və s.) zəiflədikdə bu insanlarda vərəm xəstəliyi inkişaf edə bilər.
 
Hal hazırda vaxtında aşkar olunmuş vərəm tam müalicə olunur və insan sağalır.
 
Vərəm xəstəliyindən qorunmaq üçün bəzi sadə qaydalara əməl etmək lazımdır.
 
Maide.Az saglamolun.az-a istinadən sizə bu qaydaları təqdim edir:
 
1. Gigiyena qaydalarına ciddi riayət edin. Xüsusilə çöldən evə qayıtdıqdan sonra mütləq əllərinizi yaxşı yuyun, çöldə, ictimai yerlərdə üzünüzə, gözlərinizə, ağzınıza toxunmayın. Evin bütün səthlərini tez-tez nəm əski ilə silin, evin havasını gündə bir neçə dəfə dəyişin.
 
2. Yaxşı qidalanın. Qidalanmada mütləq zülallarla zəngin olan məhsullar (ət, yumurta, süd məhsulları) olmalıdır. Zülallar immun sisteminin normal fəaliyyəti üçün ən vacib olan maddələrdir.
 
3. Siqaret çəkməkdən imtina edin. Siqaret çəkən insanlar vərəm infeksiyasına görə risk qrupuna daxildir.
 
4. İdmanla məşğul olun, hər gün açıq havada gəzin.
 
5. Stressli vəziyyətlərdən qaçın. Stress immun sistemini zəiflədir ki, bu da infeksion və digər xəstəliklərin inkişafına şərait yaradır. 

 

Google+ WhatsApp ok.ru