ÜST: Həftədə 150 dəqiqə gəzməsəz…

ÜST: Həftədə 150 dəqiqə gəzməsəz…

-- 1 milyard 400 milyondan çox insan idman etmədiyi üçün ölümcül xəstəliyə tutula bilər

Dünyada 1 milyard 400 milyondan çox yetkin adam yetərincə idman etmədiyi üçün ölümcül xəstəliyə tutula bilər. Belə bir xəbərdarlıqla Ümumdünya Səhiyyə Təşkilatı çıxış edib. Qurum son 20 ilə yaxın müddətdə dünyada adamların hərəkətlilik səviyyəsində dəyişiklik olmadığını da vurğulayır.
 
“Frans Pres” agentliyi ÜST-nin araşdırmasına istinadla yazır ki, daha zəngin ölkələrdə adamların həyatında komfort və oturaqlıq üstünlük təşkil edir. Elə dünyadakı qadınların üçdə biri, kişilərin isə 25 faizi ürək-damar, şəkər və xərçəng kimi xəstəliklərə tutulmaq təhlükəsi altındadırlar. Bircə yolları qalır – fiziki fəaliyyəti artırsınlar.
 
TÖVSİYƏLƏR
 
ÜST tövsiyə edir ki, hər bir yetkin şəxs həftədə azı 150 dəqiqə “orta gərginlikli” idman, məsələn, sürətli yürüş, üzgüçülük, yaxud velosiped sürməklə məşğul olsun. Yaxud bunu həftədə 75 dəqiqə “yüksək gərginlikli” fəaliyyətlə – qaçış, komanda idman növlərilə əvəzləmək olar.
 
Araşdırma zamanı 2016-cı ildə dünyanın 168 ölkəsində 1,9 milyon nəfərin fəallığı öyrənilib.
 
 Dünyada 1,4 milyard nəfərin yetərincə aktiv olmadığı ortaya çıxıb.
 
“Adamları idmanla məşğul olmağa həvəsləndirmək üçün yetərincə iş görməmişik”, – ÜST-dən araşdırmanın aparıcı müəllifi olan Regina Guthold “Frans Pres”ə deyib.
 
Müəlliflər xeyli narahatedici trendlər də aşkarlayıblar, kasıb və zəngin ölkələr, qadınlar və kişilər arasında idmanla məşğulluq səviyyəsi kəskin fərqlənir.
 
Məsələn, inkişaf etməkdə olan ölkələrlə müqayisədə yüksək gəlirli ölkələrdə demensiya və ürək-damar xəstəliklərini önləyəcək fəaliyyətin səviyyəsi iki dəfədən çox aşağıdır.
 
URBANİZASİYA
 
Guthold deyir ki, zəngin ölkələrdəki həyat tərzi – daha çox qapalı məkanda vaxt keçirmək, ofisdə uzun-uzadı qalmaq, yüksək kalorili yeməkləri rahatca əldə edə bilmək və idmanla az məşğul olmaq arasında birbaşa əlaqə var. Bu isə sağlamlığa urbanizasiyanın vurduğu ziyana “aydın örnək”dir.
 
“Ölkələrdə urbanizasiya gedir, məsələn, fermerlər, xeyli fiziki fəaliyyətlə məşğul olanlar birdən şəhər mühitinə düşür, işsiz qalır, yaxud oturaq işə keçir. Buna görə də cəmiyyətlər bunu kompensasiya etməlidirlər”, – o deyib.
 
Küveyt, Amerika Samoası, Səudiyyə Ərəbistanı və İraqda böyüklərin yarıdan çoxunun yetərincə aktiv fəaliyyətlə məşğul olmadığı bildirilir.
 
Sidney Universitetindən Melody Ding də araşdırma üzərində işləyib. “Məncə, ən böyük baryerlərdən biri mühitimizdir, həyatdan fiziki fəaliyyət sıxışdırılır, zəhmətli işləri ofis işləri əvəzləyir, pilləkənlərin yerini liftlər tutur, aktiv yox, maşınla səyahəti seçirlər”, – o deyib.
 
Bəzi ölkələrdə isə gender bərabərsizliyi öz işini görür. Qadınlar daha çox evdə oturur, uşaqlara, evə baxır, yetərincə gəzmirlər.  / azadliq.org /

Google+ WhatsApp ok.ru