12 ildə 486 insan alverçisi məsuliyyətə cəlb olunub

12 ildə 486 insan alverçisi məsuliyyətə cəlb olunub

«Azərbaycanda insan alveri cinayətləri ümumi cinayətlərin 1 faizindən azdır».
 
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov iyunun 12-də belə deyib.
 
O, «Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması» (ENCT) layihəsinin açılış mərasimində çıxış edib.
 
Layihə Avropa Birliyinin (AB) əsas, BMT Beynəlxalq İnkişaf Fondunun müştərək dəstəyi ilə maliyyələşdirilir.
 
H.Heydərov bildirib ki, ölkədə 2015-ci ildə 128, 2016-cı ildə isə yalnız 166 insan alveri cinayəti olub.
 
«12 ildən artıq vaxtda 1078 cinayət işi araşdırılıb. Bu müddətdə 486 insan alverçisi, o cümlədən 100-dən çox mütəşəkkil dəstə, qrup məsuliyyətə cəlb olunub. 761 insan alveri qurbanı müəyyənləşdirilərək cəmiyyətə inteqrasiya edilib», - o, bildirib.
 
AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə deyib ki, insan alveri ilə mübarizə onların təhlükəsizlik və insan hüquqlarının qorunması sahəsində vacib prioritetlərindəndir.
 
«Təəssüf ki, bu sahədə son vaxtlar artım müşahidə edilir. Ona görə də, bu sahədə əməkdaşlıq çox vacibdir», - o, bildirib.
 
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Serhan Aktoprak da deyib ki, insan alveri məsələsi dünyada ən mühüm problemlərdən biridir.
 
«Miqrasiya problemləri tarixdə ən yüksək həddə çatıb. Hazırda dünyada 250 milyon beynəlxalq miqrant, 750 milyon daxili miqrant var. Təkcə 2105-ci ildə 25 milyon qaçqın, 40 milyon daxili qaçqın olub. Miqrasiya prosesi inkişafa təkan verirsə də, böyük problemləri də diqqətə gətirir. Mütəşəkkil cinayətkarlığın ən qəddar forması insan alveridir. Hər il 10 minlərlə insan qurbana çevrilir. 2015-ci ildə 78 min insan qurbana çevrilib. Həqiqətdə isə bu rəqəm daha böyükdür», - o vurğulayıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru