462 manatın ümidinə qalan ölkə

Oqtay Haqverdiyev: «Orta aylıq əməkhaqqı kimi vurğulanan 462 manat iki dəfə dəyərdən düşüb»

Manatın bir il ərzində iki dəfə devalvasiyaya uğraması ölkəyə sarsıdıcı zərbə vurdu. Iqtisadiyyatın aldığı ağır zərbə ərzaq məhsullarının kəskin bahalaşmasına səbəb olub. Ilkin tələbat məhsullarının qiymətinin artması isə sosial müdafiəsi zəif olan kəsimin durumunu bir qədər də ağırlaşdırıb. Hazırda ölkədə 2.5 milyon nəfərin banka kredit borcu var. Ölkədə orta aylıq əmək haqqı isə 462 manatdır. Bu məbləğ son bahalaşmadan sonra dəyərini bir neçə dəfə itirib. Nəticədə ölkə əhalisinin böyük bir kəsimində kütləvi yoxsullaşma gedir.
 
İqtisadçı Oqtay Haqverdiye "Azadlıq"a bildirib ki, əməkhaqlarının qaldırılması gündəmə gələn kimi ölkədə daha bir bahalaşma dalğası baş verə bilər. Nəticədə maaş artırılmasının effekti olmur. Amma hazırkı durumda əməkhaqlarının, müavinətlərin, pensiyaların, sosial ödənişlərin qaldırılmalı olduğunu düşünən O.Haqverdiyev vurğuladı ki, əsas məsələ artımın nə qədər olacağı ilə bağlıdır: “Bir var əməkhaqqını iqtisadi hesablamalar əsasında artırasan, bir də var nəsə simvolik rəqəm müəyyənləşdirərək onu tətbiq edəsən. Orta aylıq əməkhaqqı kimi vurğulanan 462 manat muzdla işləyənlərin aylıq qazancıdır. Digər tərəfdən, son devalvasiyadan sonra bu məbləğ iki dəfə aşağı düşüb. Yəni onun dəyəri iki dəfə azalıb. Ona görə bu məbləğ heç nə göstərmir. Bu məbləğ yenidən hesablanmalıdır. Qazaxıstanın yaxşı təcrübəsi var. Məncə, ondan yararlanmaq olar. Tengenin dəyəri nə qədər endisə, əməkhaqları da o faizdə qaldırıldı”.

Google+ WhatsApp ok.ru