“Ərimə zorla 300 min manatlıq borc sənədi imzaladıblar...`

"Həyat yoldaşımı vəhşicəsinə döydükdən sonra bütün ailə üzvlərini öldürməklə təhdid ediblər. Daha sonra ona 300 min manatlıq borc sənədi imzaladaraq dələduzluq maddəsi ilə həbs etdiriblər", - deyir Beyləqan rayonu 1-ci Şahsevən kəndinin sakini Ləman Bayramova.
 
L. Bayramova həyat yoldaşının qanunsuz həbs edilməsi ilə bağlı "Bizim Yol" qəzetinə müraciət edib. O, son 1 ildə başlarına gələnlərin ictimailəşdirilməsini, nələr yaşadıqlarını hər kəsin bilməsini istəyir. Deyir, həyat yoldaşı Ravil Bayramov qanunsuz olaraq dələduzluqda yəni, CM-nin 178.3.2- ci maddəsi ilə ittiham olunaraq, iyunun 27-də həbs edilib. Hazırda həmin cinayət işi Daxili İşlər Nazirliyinin müstəntiqi Tofiq Nəbibəyli tərəfindən araşdırılır: 
"Ravil ona görə ittiham olunur ki, guya o, dostu Həsənov Azər Əli oğlu adlı şəxsə qarşı dələduzluq edib və ondan 750.000 manat pul alaraq qaytarmayıb. Əslində, ona kommersiya fəaliyyətini genişləndirmək üçün Azər tərəfindən həmin məbləğdə pul müxtəlif dövrlərdə faizlərlə bir neçə dəfəyə borca verilib. Üstəlik, həyat yoldaşım həmin pulların hamısını qaytarıb. Düzdür, bəzən pulun qaytarılmasında gecikmələr olub. Ancaq bu zaman Azər Həsənov hədsiz dərəcədə yüksək faizlərlə Ravili yükləyirdi. Həmin faizlərin böyük hissəsini Ravildən zorla almışdı". 
Ləman Bayramovanın sözlərinə görə, Azər Həsənov bu pulları hüquq-mühafizə orqanlarında məsul vəzifə tutan iki şəxsdən alıb (araşdırmamız davam etdiyi üçün həmin vəzifəli şəxslərin adını hələik açıqlamırıq -red.). Ləman Bayramova deyir: "Ravil həmişə çalışırdı ki, aldığı pulları gecikdirmə olmadan qaytarsın. Pulları hissə-hissə qaynım Loğman Bayramov və Ravil Azər Həsənovun özünə, sürücüsü Denis Popova və oğlu İsmayıla verirdilər. Lakin, son zamanlar Ravilin işləri yaxşı gətmədiyindən ziyana düşdü və faizləri tam qaytarmaq imkanı olmadı. Onun üzərinə qoyulan yüksək faizlərə görə onları tam qaytara bilməyib. Ravil aldığı pulların faiz kimi yığılmış məbləğinin bir hissəsini ödəyə bilmədikdə o, zorla Xətai rayon prokurorluğuna aparılıb. O, Azərin yanında vəhşicəsinə döyülüb. Ravili döyən şəxs ona bildirib ki, təcili faizləri qaytarmasa, onu və ailə üzvlərini məhv edəcəklər".
 
Ləman Bayramova deyir ki, bundan sonra, həmin faizlərin qaytarılması ilə bağlı olaraq, Ravilin atası Eyvaz Bayramovun üstünə "Meşə qardaşları" cinayətkar qrupunun üzvləri olan Kamil Hüşənovu və digərlərini göndəriblər: "Ötən ilin iyununda həmin cinayətkar qrupun üzvləri qaynatamı hədə-qorxu ilə Bakıya çağırdılar. Qaynatam, Ravil, bibisi oğlu Rasim və qaynım Loğman təyin olunmuş yerdə-3-cü mikrorayon dairəsində olan körpünün altında günorta saat 3 radələrində görüşüblər. Elə həmin gün aralarında mübahisə düşüb. Nəticədə,  Ravil həmin quldurlar tərəfindən bərk döyülüb. Bundan sonra, onlar zorla qaynatamı və qaynımı Azər Həsənovun "Mersedes Benz" C-180 markalı maşınına mindirib həmişə oturduğu Bakı şəhəri 8-ci mikrorayonda yerləşən "Balakən" kafesinin zirzəmisində olan "Eqoist" çay evinə düşürüb, onları öldürəcəkləri, ailə üzvlərinin başına oyun açacaqları ilə hədələyiblər. Qaynatama bu təhqir və hədələrin təsir etmədiyini görən quldurların başçısı Kamil digərləri oradan onları Həsən Əliyəv küçəsində yerləşən "Olimpik star"a gətirərək onları bilyard otaqlarının birinə saldırır. Orada fiziki qüvvə göstərmədən, yalnız hədə-qorxu ilə Kamil onlara pulun qaytarılmasını, yəni faizləri dayandırılmadan tezliklə qaytarmağın vacib olduğunu "başa salmağa" çalışıb. Lakin, qaynatam faizlərin qaytarılmasını yalnız onun dayandırıldığı təqdirdə mümkün olduğunu bildirsə də, onlar bu fikirlə razılaşmayıblar".  
 
L. Bayramova deyir ki, bu hadisədən bir qədər vaxt keçdikdən sonra həmin silahlı dəstənin üzvləri Ravili taparaq, Azər Həsənovla onların evinə gətirib, onu yenə də silahla hədələyib həmin faizləri təcili qaytarmağı tələb ediblər. Ravil özünü və bizi ölümün pəncəsindən qurtarmaq üçün Azərin sürücüsü Popov Denis Yuriyeviçə guya 300.000 manat borclu olması barədə iyulun 18-də 51 saylı notariusda "Borcun etirafi barədə" müqavilə bağlamağa məcbur ediblər: " Həmin müqavilə tərtib olunduqdan sonra, Ravil müqavilədə göstərilən 300.000 manatın yarısından çoxunu Azərə verdi. Lakin, müqavilədə göstərilən məbləğin qalan hissəsi verilmədiyindən yenidən faizlər hesabladı və bundan sonra Azərin təhriki ilə onun sürücüsü Denis Popov DİN-ə şikayət edərək Ravili həbs etdirdi". 
Ravil Bayramovun həbsindən sonra ailənin vəziyyəti maddi baxımdan daha da ağırlaşıb. Borclara görə evlərini, avtomobillərini satdıqlarından hazırda heç nələri olmadığı üçün kirayə ev də tuta bilmirlər. Odur ki, hər gün bir qohumun evində gecələməli olurlar: "Vəziyyətimiz çox ağırdır. 4 yaşlı uşaqla qalmışam küçələrdə. Xahiş edirəm mənə kömək edin. İndiyə qədər müraciət etmədiyim yer qalmayıb. Ancaq heç bir xeyri olmayıb. Əmr çox böyük yerdəndi”. 
 
Ləman Bayramova onu da deyir ki, həyat yoldaşı ilə bağlı iş mülki iddia olmasına baxmayaraq, dələduzluq maddəsi ilə ittiham olunur: "İşi araşdıran DİN-in müstəntiqi Tofiq Nəbibəyli yoldaşım həbs olunan zaman üzərində olan uşağımızın xəstəlik xərcləri üçün yığdığımız 1000 manat pulu da alıb. Ravil həbs olunduqdan sonra dəfələrlə istəməyimizə baxmayaraq, geri qaytarılmadı. Mənə də çıxış yolu kimi Ravildən boşanmağımı məsləhət gördülər. Bələ çıxır ki, mənim kimi haqsızlığa uğramış bütün qadınlar ərlərindən boşanmalıdırlar?"
 
Ləman Bayramova deyir ki, bütün bunlarla bağlı dəfələrlə hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. O, bu işdə yalnız onların ədalətli davranacağına güvənir. 
 
Qeyd edək ki, dələduzluq maddəsi ilə həbs olunan Ravil Bayramov barəsində 3 aylıq həb qətimkan tədbiri seçilib. Lakin istintaqı aparan müstəntiq Tofiq Nəbibəyli 3 ayın tamamında işi yekunlaşdıra bilməyib və əlavə 1 ay da möhlət istəyib.
 
Məsələyə münasibət öyrənmək üçün Tofiq Nəbibəyli ilə əlaqə saxlamağa çalışdıq. Ancaq o zənglərimizə cavab vermədi. Bir müddət öncə eyni mövzu ilə əlaqədar  azadxeber.net saytı Tofiq Nəbibəyli ilə telefon əlaqəsi saxlaya bilib. Ancaq zəngin mətbuatdan olduğunu eşidən kimi müstəntiq münasibət bildirməkdən imtina edib. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə dedi ki, Ləman Bayramovanın danışdıqlarının heç bir əsası yoxdur: "Problemi varsa hüquq-mühafizə orqanlarına müraciət etsin. Daha mətbuata niyə açıqlama verir? Görünür, hüquq mühafizə orqanlarına müraciət edib. Ancaq onların verdikləri cavab onu qane etmədiyindən mediaya üz tutub". 
 
Xətai Rayon Prokurorluğunda telefona cavab verən şəxs isə bildirdi ki, bu barədə heç nə deyə bilməz: "Mən danışa bilmərəm. Başqa da heç kim yoxdu idarədə. Hərə bir işin dalınca gedib”.
 
Mövzu ilə bağlı araşdırmamız davam edəcək. Ləman Bayramovanın iddasına görə, onun həyat yoldaşına işgəncə verənlərin, həbs etdirənlərin, eləcə də, işdə adı hallandırılan, əslində ağır cinayət törtdikləri iddia edildiyi üçün təqsirsizlik prezumpsiyasını əsas tutaraq, adlarını bu yazıda çəkmədiyimiz  qurumların və vəzifəli şəxslərin münasibətini öyrənməyə çalışacağıq.   

Google+ WhatsApp ok.ru