Əfv sərəncamı mayın sonu üçün gözlənilir

Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər Azərbaycanda siyasi məhbus problemi həll olunacaqmı? Hazırda ictimaiyyəti maraqlandıran əsas suallardan biri də budur. 
 
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun əsas fəaliyyət istiqaməti də hazırda bu məsələ üzərində qurulub. Əfv fərmanının mayın 10-da və ya mayın 28-də olacağı ehtimal edilir. 
 
İşçi qrupun üzvü, Azərbaycan Milli Helsinki Komitəsinin sədri Arzu Abdullayeva musavat.com-a açıqlamasında bildirdi ki, may ayının sonunda əfvin olacağı gözlənilir: “Bu yaxınlarda İşçi Qrupunun və Əfv Komissiyasının birgə toplantısı oldu. Biz orada əfv məsələsini müzakirə etdik. Bildirdik ki, əfv mütləq olmalıdır. Ancaq mayın 10-u üçün yəqin ki, çatmayacaq. Ayın sonunda isə əfvin olacağı gözlənilir. Biz Əfv Komissiyası ilə dəqiqləşdirdik ki, mayın 10-da əfv olmayacaq. Son zamanlar İşçi Qrupunun tam heyətlə toplanması çətinləşib, gec-gec yığılırıq. Ancaq ayrı-ayrılıqda görüşlər keçirilir, məsələləri həll edirik. Son iki məhkəmə qərarı da bizi məyus etdi. Rəsul Cəfərova 6 il yarım və İntiqam Əliyevə 7 il yarım həbs cəzası verildi. Onlar bizim həmkarlarımız və dostlarımızdır. Ona görə də, bu qərardan şoka düşdük. Biz hazırda onları müzakirə edirik”. 
 
Arzu Abdullayeva bildirdi ki, bu dəfə də səhhətində problemlər olan siyasi məhbusların işi gündəmdədir: “Tofiq Yaqublunun, İlqar Məmmədovun, Leyla Yunusun əfvi gündəmdədir. Bu insanlar heç bir cinayət törətməyiblər, iğtişaşa səbəb olmayıblar. Biz beynəlxalq təşkilatlarla danışanda da İlqar Məmmədovun, Tofiq Yaqublunun, Hilal Məmmədovun, Rəsul Cəfərovun və başqalarının barəsində tam əminliklə bildiririk ki, onların heç bir  günahı yoxdur. Leyla Yunus və Arif Yunus üçün də çalışırıq. Arif Yunus da MTN-də saxlanılır, səsi də çıxmır. Bu insanın nə günahı var? Biz siyahını göndəririk. Ancaq Azərbaycanda vəziyyət elədir ki, heç nədən əmin ola bilmirsən. Biz danışıqlar aparırıq, birgə işləyirik, razılıq alırıq. Ancaq qalır son məqam ki, onu heç kim dəqiq deyə bilməz. Ölkə başçısının nə qərar verəcəyini isə əminliklə demək mümkün deyil. Biz ümid edirik ki, adlarını çəkdiyimiz şəxslər də azadlığa buraxılacaq”.
  
Hüquq müdafiəçisi Səadət Bənənyarlı  isə bildirdi ki, İşçi Qrup hər gün iş başındadır və daxil olan ərizələrə baxır: “İşçi Qrup mütəmadi olaraq, fəaliyyətini davam etdirir. Biz çalışırıq ki, daxil olan müraciətlərin hamısına baxaq. Bütün ərizələrə baxılır və müzakirəyə çıxarılır. Biz gözləyirik ki, may ayının sonunda əfv fərmanı veriləcək”.

Google+ WhatsApp ok.ru