Əli Kərimli 12 yaşlı uşağın intiharından yazdı

`Belə dəhşətli faciə də Azərbaycan hakimiyyətinin kasıb təbəqəyə, xüsusən də belə ailələrdə böyüyən uşaqlara münasibətini dəyişmədi”

AXCP sədri Əli Kərimli Facebook səhifəsində İsmayıllıda 12 yaşlı məktəblinin intiharından yazıb:
 
“Dənizdə boğulmuş Suriya qaçqını 2 yaşlı Aylanın Bodrum sahillərində tapılmış cəsədinin bütün dünyanı necə sarsıtdığını, silkələdiyini hamımız gördük. Avropa Birliyi məhz bu faciədən sonra 1 milyona qədər suriyalıya sığınacaq verəcəyini bəyan etdi. Bugünlərdə Azərbaycanda da bənzər bir fəlakət yaşandı.
 
Söhbət dərslər başlayan gün İsmayıllıda özünü asmış 12 yaşlı İsmətdən gedir. Bu uşağı unutmamısınız? Valideynləri ona çanta və dərs ləvazimatı ala bilmədiyi üçün özünü asmış İsmətin faciəsi hamını olmasa da, çox adamı silkələdi. Normalda hakimiyyətin də vicdanı tərpənməliydi. Aztəminatlı ailələrə, belə ailələrdə böyüyən uşaqlara ciddi maliyyə dəstəyi proqramı hazırlayıb həyata keçirməliydi. Amma biz nə gördük? Balacadan böyüyə qədər hökumət məmurları, hökumətin yandaş mediasının muzdluları, sosial şəbəkələrdəki trollar əllərindən gələni etməyə başladılar ki, İsmətin intihar səbəbini ört-basdır etsinlər. Bilib-bilmədiklərindən asılı olmayaraq israrla üzə dururdular ki, İsmət sosial çətinlik səbəbindən intihar etməyib. Amma həqiqəti ört-basdır edə bilmədilər. “Azadlıq” qəzetinin müxbirləri hadisəni yerində araşdırıblar. Buyurun, özünü asmış uşağın valideynlərinin açıqlamaları ilə tanış olun.
 
İsmətin atası Qismət Əsədov hadisə barədə bunları deyib: “Hadisə ayın 14-də axşam radələrində baş verib. Uşaq özü də dərk edirdi ki, ailədə problemlər var. Mən həmin gün axşam işdən gəldim, dəftər, qələm almışdım… Gəldim ki, intihar edib. Məktəbli forması deyəndə ki… daxili böhran istər-istəməz uşaqlara da təsir edir. Maddi imkansızlıq ucbatından oldu”.
İsmətin dayısı Fikrət Aydınov bildirib ki, mətbuatda olayın məktəbli formasına görə baş verdiyi haqda yazılanlar doğrudur: “Bəli, qəzet və saytlarda gedən yazılar doğrudur. Hadisəni olduğu kimi demək lazımdır. Uşaq dərk edirdi ki, atası ona istədiyi şeyləri ala bilməyəcək. Çünki onun işi, gəliri yoxdur. Hardan almalı idi? Söhbət belə olub ki, valideynləri məktəbli forması və digər dərs ləvazimatlarını ala bilməyib. Deyib ki, keçən ilki çantanı apar, imkan yoxdur. Uşaq bunu ürəyinə salıb və intihar edib”
Reportajdan məlum olur ki, İsmətin ölümündən sonra ona yas çadırı qurulub, şəkli böyütdürülüb, çərçivəyə salınıb. Güman etmək olar ki, yas məclisini yola verməyə ya yerli hakimiyyət, ya da kimlərsə kömək edib. Kaş ki, o kömək İsmət özünü asmadan ediləydi, millətimiz belə bir faciə yaşamayaydı.
 
İki eyni tipli faciəyə iki toplumun fərqli reaksiyasını gördünüzmü? Aylanın faciəsi çox dəhşətlidir, lakin bu dəhşətli faciə faktiki olaraq milyonlarla suriyalıya münasibəti bütün dünyada dəyişdi. İsmətin də faciəsi çox dəhşətlidir. Lakin hətta belə dəhşətli faciə də Azərbaycan hakimiyyətinin kasıb təbəqəyə, xüsusən də belə ailələrdə böyüyən uşaqlara münasibətini dəyişmədi”.

Google+ WhatsApp ok.ru