“Bank sektoru çökəcək və inflyasiya 30 faizə qədər artacaq”

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub. Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.
 
İqtisadçı ekspert Natiq Cəfərli Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu addımla hökumət bir daha onu sübut etdi ki, idarəçilik funksiyasını icra edə bilmir: “İlk devalvasiyanın təsirləri tam olaraq özünü göstərmədiyi bir halda, ikinci dəfə olaraq kəskin devalvasiya ilk növbədə bank sektorunu çökdürəcək. İnflyasiya 30 faizə qədər artacaq. Eyni zamanda, kreditlərin geri qayıtması prosesi dayanacaq. Hökumət onminlərlə insanı həbsxanalara doldura bilməyəcək. Bütün bu proseslər zəncirvari proseslərdir. Hökumət bu addımla ÜDM-in artması məsələsini nəzərə alıb. Belə ki, ölkədən ixrac edilən neft və neft məhsulları müqabilində dollar qəbul ediləcək. Dolların da məzənnəsi manata görə, daha yüksək faizli olduğuna görə, ÜDM-in artması qeyd olunacaq. Sovet dönəmindən olan fikirlərlə idarə olunan bir məmurlardan bundan başqa bir hərəkət gözləməyə dəyməz. Hökumət atdığı addımların fəsadlarını əvvəlcədən analiz edə bilmir. Bu da çox acınacaqlı sonuclar gətirə bilər. Bu addımların arxasınca sosial gərginliklərın artması heç də istisna edilə bilməz”.

Google+ WhatsApp ok.ru