Abbas Abbasovun digər qardaşı da həbs oluna bilər

Həmid Abbasovun xanımı işdən çıxarılıb, özünün isə fəaliyyəti yoxlanılır

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun daha bir qardaşına həbs təhlükəsi yaranıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Abbas Abbasovun qardaşı Nadir Abbasovun həbsindən sonra digər qardaşı Həmid Abbasova da təzyiqlər olunduğu barədə məlumatlar var. Bildirilir ki, Gəncənin icra başçısı Həmid Abbasovun bağça müdirəsi olan xanımını işdən çıxarıb. Onun özünün də fəaliyyəti barədə araşdırmalar aparıldığı iddia edilir. Həmid Abbasovun Gəncə Telefon Qovşağında rəis müavini vəzifəsində çalışdığı bildirilir.
 
Xatırladaq ki, Abbas Abbasovun digər qardaşı Nadir Abbasov “kredit qalmaqalı”na görə DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Onun həbsi barədə qərar verilib-verilmədiyi dəqiq bilinmir. Məlumatda deyilir ki, Nadir Abbasovun da Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü iddia olunur.
 
Bildirilir ki, o, bir müddət əvvəl Gəncədə keçmiş “Yeyinti Ticarəti Idarəsi”nin bazasında soyuducular tikmək üçün kredit götürüb. DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində ondan krediti dərhal qaytarması tələb olunub. Məlumatlara görə, Nadir Abbasov hələ də bu idarədə saxlanılır.
 
Xatırladaq ki, Abbas Abbasov “Milyarderlər Ittifaqı” yaranandan sonra Azərbaycan hakimiyyətinin hədəfinə gəlib. Hazırda Rusiyada olan Abbas Abbasovun ölkəyə gəlməsi onun üçün təhlükəyə çevrilib. Bildirilir ki, baş nazirin sabiq birinci müavini Azərbaycana gələcəyi təqdirdə həbs oluna bilər. Hakimiyyət mediasında ona qarşı aparılan kampaniya da Abbas Abbasovun qələminin qırıldığını deməyə əsas verir. Bundan başqa onun Azərbaycandakı biznesinin çökdürüldüyü, yaxınlarının isə təqib olunduğu barədə məlumatlar var.(Azadlıq)

Google+ WhatsApp ok.ru