AFFA Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun zədələnməsi ilə bağlı açıqlama verib

"Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqov Azərbaycan milli komandasının düşərgəsində zədələnib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Maide.az-a verilən məlumata görə, kapitan yığmanın məşqi zamanı əzələsini dartıb. 
33 yaşlı müdafiəçi barədə qərar tibbi müayinədən sonra qəbul olunacaq. Hələlik müayinə nəticələri yığmanın həkimlərinə verilmədiyindən, Sadıqovun taleyinə aydınlıq gəlməyib. AFFA-dan bildirilib ki, hətta noyabrın 17-də Moldova ilə yoldaşlıq görüşündə meydana çıxmayacağı dəqiqləşsə belə, təcrübəli futbolçu yığmanın düşərgəsində saxlanıla bilər. 
"Qarabağ"ın mətbuat xidmətindən isə "Report"a verilən açıqlamada kapitanın 10 günədək yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Sadıqov millidə Moldova yığması ilə görüşü buraxacaq. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində İngiltərə "Tottenhem"inə qarşı keçirəcəyi oyunda isə onun çıxış edib-etməyəcəyi bilinmir.

Google+ WhatsApp ok.ru