Amnistiyaya düşən Fərəc Kərimli hələ də məhbusdur

Amnistiyaya düşən Fərəc Kərimli hələ də məhbusdur

Avqustun 12-də həbs edilən REAL-ın icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə hələ də ailəsi ilə görüş verilmir.

 

Verilən xəbərə görə, onunla yalnız vəkilləri görüşə bilirlər. Amma bununla belə səhhəti normal olan iqtisadçıya aparılan sovqat və yeməklərin      

qəbulunda problem yaşanmır.


Qeyd olunur ki, bu barədə məlumat onun ailə üzvlərin tərəfindən verilib.


Amnistiyaya düşdüyü deyilən, lakin hələ də azadlığa buraxılmayan Müsavat başqanının müavini Fərəc Kərimli ailəsi ilə danışıb. Vicdan məhbusun atası Raqif Kərimli oğlunun nə vaxt azadlığa çıxacağının hələ də müəmmalı olduğunu bildirdi: “Amnistiya verildiyi ilk günlər Fərəcə dedilər ki, buranın qonağısan, 5-10 gün vaxtın qalır. Amma hələ də o həbsdədir. 14 saylı cəzaçəkmə müəssisəsinə köçürüləndən telefonla tez-tez danışırıq. Avqustun 30-da da görüş günüdür”.


Həbsdə olan hüquqşünas Əliabbas Rüstəmovun apelyasiya şikayətinə baxılıb. İnstansiya qurumu hüquqşünasın ilkin qərar olmadan məhkəmə baxışının keçirilməsi ilə bağlı verdiyi şikayəti təmin etməyib.

Bu barədə açıqlamasında A.Rüstəmovun vəkili Yavər Hüseyn məlumat verib: “Apelyasiya Məhkəməsi şikayətimizi təmin etmədi. Məhkəmə qərarı çıxandan sonra səlahiyyətlərim bitdiyi üçün onunla görüşmək imkanım yoxdur. Əliabbas bəy məhkəmədə barəsindəki ittihamları bir daha əsassız hesab etdi. Mən də belə hesab edirəm ki, o ittihamların heç bir hüquqi əsası yoxdur. İş materialları ilə yaxından tanış olan bir şəxs kimi tam məsuliyyətlə deyirəm ki, bu sifarişli məhkəmə qərarıdır. Növbəti şikayətlərimiz olacaq”.


Qeyd edək ki, Ə.Rüstəmov 2014-cü ilin iyununda həbs edilib. “Yasavul” MMC-nin direktoru olan hüquqşünas Cinayət Məcəlləsinin 312.2-ci maddəsi ilə (rüşvət vermə) ilə təqsirləndirilib və 7 il müddətinə azadlıqdan məhrum edilib.

REAL sədri İlqar Məmmədovun isə Ali Məhkəməsindən xəbər yoxdur. O, Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərardan iki ay öncə şikayət versə də, məlum olmayan səbəblərdən müraciətə baxılma müddəti uzadılır.


REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova son durumla bağlı bunları dedi: “Elə bir yenilik yoxdur. Sadəcə olaraq İlqarın saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsində rəisi dəyişiblər. Yəqin ki, qayda-qanunla bağlı yeniliklər olacaq. Avqustun 28-də sonuncu dəfə telefonla əlaqə saxladıq. Vəziyyətinin yaxşı olduğunu dedi. Onu dedi ki, yeni rəis yeniliklər edə bilər və bir həftəlik zəngə qadağa qoyula bilər. Bu həftənin sonu bilinəcək. Vəkilin yaxın günlərdə görüşü də gözlənilir. Həftə sonu da görüş günümüz olacaq. Məhkəməsi ilə bağlı heç nə demirlər. Günü-gündən prosesin baxılma günü uzadılır”. (musavat) /

 

 

Google+ WhatsApp ok.ru