Anasının yasına gələn Milli Şura üzvü saxlanıb

Ukraynada Azərbaycan diasporunun nümayəndəsi, Milli Şuranın üzvü Yalçın Qəhrəmanoğlunun bu gün Bakı aeroportunda saxlandığı bildirilir. Onun anasının hüzr məclisinə gəldiyi deyilir.
 
Y.Qəhrəmanoğlunun indi harada olduğu bilinmir. Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı açıqlama vermirlər.
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində bu hadisəni pisləyib.
 
«Milli Şuranın üzvü, Ukraynadakı Azərbaycan diasporunun liderlərindən biri Yalçın Qəhrəmanoğlu anasının dəfnində iştirak etmək üçün Bakıya gəlib. Onu Bakıya enən kimi həbs ediblər, anasının dəfninə qatılmağa imkan verməyiblər. Yalçın bəy cinayətkar deyil, ictimai-siyasi xadimdir. Tutaq ki, hüquq-mühafizə orqanlarının Yalçın bəyə sualları var idi, lap nəyə görəsə onu həbs etmək istəyirdilər. Yalçın bəyi nəzarətə götürüb, anasının yas mərasimini başa vurduqdan sonra saxlamaq olmazdımı? Hər zaman arxasında gizləndiyiniz milli mənəvi dəyərləriniz budurmu?»,-deyə Əli Kərimli sual edib.
 
Y.Qəhrəmanoğlu vaxtilə «Qərbi Azərbaycana Qayıdış» ictimai birliyinin sədr müavini olub. Keçmiş səhiyyə naziri Əli İnsanov həbs edildikdə onun hüquqlarının müdafiəsinə qoşulub. Son 5 ili isə Y.Qəhrəmanoğlu Ukraynada yaşayıb. (azadliq.org)

Google+ WhatsApp ok.ru