Apellyasiya Məhkəməsi Müsavat Partiyasının sədr müavini barəsində hökmü qüvvədə saxlayıb

Bakı Apellyasiya Məhkəməsi bu gün Müsavat Partiyasının sədr müavini Fərəc Kərimlinin şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.
 
Apellyasiya Məhkəməsi obyektiv araşdırma aparmayıb, F.Kərimli barəsində ədaləti növbəti dəfə pozub. Belə ki, məhkəmə müdafiə tərəfin apellyasiya şikayətinə qismi məhkəmə istintaqı aparılmaqla baxılması haqqında vəsatətini təmin etməyib.
 
Vəkil bildirib ki, məhkəmənin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
 
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsi mayın 6-da F.Kərimlini CM-in 234.4.3-cü (böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə 6,5 il müddətinə azadlıqdan məhrum edib.
 
* Sirac və Fərəc Kərimli qardaşları 2014-cü il iyulun 17 və 23-də narkotik saxlamaq ittihamı ilə həbs edilib. 2014-cü il avqustun 18-də Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Fərəc və Sirac Kərimlini “vicdan məhbusu” elan edib. Martın 12-də məhkəmə Sirac Kərimlini 6 il müddətinə azadlıqdan məhrum edib.

Google+ WhatsApp ok.ru