Apteklərdən dərmanların buraxılması qaydaları dəyişdi

Yeni qaydalara əsasən, dərmanın tərkibində 3 və ya artıq maddə olarsa, bu halda həkim reseptdə dərmanın ticarət adını yazmalıdır.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən Maide.az saytı xəbər verir ki, Nazirliyinin Kollegiyasının qərarı ilə “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiq edilib: “Qaydaların tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulan inzibati və cinayət məsuliyyəti daşıyırlar. Eyni zamanda, respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə təsdiq edilmiş qaydalara riayət edilməsi tapşırılıb”.
 
Qeyd olunub ki, təsdiq edilmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydalar”ına görə, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (generik adını) qeyd edəcəklər. Beləliklə də, xəstə aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə xəstəyə məlumat veriləcək, xəstə də dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək. Əgər dərmanın tərkibində 3 və ya artıq maddə olarsa, bu halda həkim reseptdə dərmanın ticarət adını yazmalıdır.

Google+ WhatsApp ok.ru