Arif və Leyla Yunusların növbəti məhkəmə prosesinin vaxtı bilindi

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif Yunus və Leyla Yunusun Yasamal rayon Məhkəməsinin qərarından verdikləri apelyasiya şikayətinə baxılıb.
 
A.Yunus və L.Yunus müalicə məqsədilə xarici ölkəyə getməsinə icazə verilməsilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə onların müraciətini təmin etməyib. Məhkəmənin qərarı ilə razılaşmayan A.Yunus və L.Yunus qərardan apelyasiya şikayəti verib.
 
Prosesdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib və şikayətə baxış prosesi martın 11-ə təyin edilib.
 
Təqsirləndirilən şəxslərin vəkili Elçin Sadıqov bildirib ki, hazırda A.Yunus şiddətli, həyati təhlükəli arterial hipertenziya (3-cü dərəcə, 240/120), 2 dəfə iflicdən sonrakı vəziyyət, arxa boyun nahiyəsində naməlum ağrılardan əziyyət çəkir, gələcək fəsadların, həmçinin xəstənin ölümünün qarşısının alınması üçün onun yüksək ixtisaslaşdırılmış xəstəxana şəraitində nəzarət altında olması zəruridir.
 
Həmçinin, həkim ekspertin rəyinə əsasən, L.Yunus xroniki hepatit, arterial hipertenziya, şəkərli diabet xəstəliklərindən əziyyət çəkir, öd kisəsindəki bir böyük daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur və bu xəstənin xəstəxanada yerləşdirilməsinə, daşın çıxarılması üçün təcili əməliyyat olunmasına ehtiyac var.

Google+ WhatsApp ok.ru