Arif Yunusa yeni vəkil tutulacaq

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Sülh və Demokratiya İnstitutunun əməkdaşı, politoloq Arif Yunusa yeni vəkilin tutulması üçün danışıqlar aparılır. Məlumatı “Media forum” saytına Yunuslar ailəsinin dostu, hərbi ekspert Azad İsazadə verib. A.İsazadə deyib ki, Vəkillər Kollegiyası Arif Yunusun yeganə müdafiəçisi Xalid Bağırovu vəkillikdən uzaqlaşdırıb: “Hazırda Arif bəy vəkilsizdir. Yeni vəkilin tutulmasının təşkilatı və maliyyə tərəfləri var. Mən durumu Arif bəyin ABŞ-da yaşayan qardaşı Ramiz Yunusa çatdırmışam. Ramiz bəy vəkillərlə müzakirə aparır, bir neçə namizəd var. Ola bilər ki, Arif bəyin hüquqlarını müdafiə etmək üçün iki yeni vəkillə müqavilə imzalandı”.
 
Azad İsazadə bildirib ki, dekabrın 12-də MTN-ə gedib, A.Yunusa azuqə aparıb: “Hər həftənin cümə günü sovqat aparıram. Mən Arif bəylə görüşə bilmirəm. Ona nə lazım olduğunu vəkil deyir, mən də onları alıb aparıram. Bu dəfə də dərman, meyvə, isti geyim, yeməklər apardım.
 
Vəkilin gətirdiyi son məlumat ondan ibarətdir ki, bir müddət Arif bəyin qan təzyiqi yüksək olub. Lazımı dərmanları apardım. İndi təzyiqi normaldır. Amma yuxusuzluqdan əziyyət çəkir”.
 
Arif Yunus avqustun 5-də tutulub. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da həbsdədir. Leyla Yunus iyulun 30-da həbs edilib. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Arif Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında, Leyla Yunus Bakı İstintaq Təcridxanasında saxlanılır.

Google+ WhatsApp ok.ru