Arzu Abdullayeva: “Azərbaycanda hakimlərə və prokurorlara sanksiyalar tətbiq edilə bilər”

Vaşinqtonda qərargahlanan Freedom House təşkilatının prezidenti Mark Lagon Amerikanın Səsinə müsahibədə Azərbaycanda baş verən hüquq pozuntuları haqda danışıb.  Problem təkcə insan haqları pozuntuları yox, həm də sistematik korrupsiyadır.  Beynəlxalq qurumlar üçün bunu araşdırmaq və işığa çıxarmaq çox mühüm olardı.  Hökumət daxildə bunu edən jurnalistləri həbsə atır.  Amerika olaraq biz hədəfli sanksiyalardan istifadə etməliyik. Biz pozuntulara və korrupsiyaya görə məsuliyyət daşıyan insanarı hədəf almaq üçün dəqiq mexanizmlər inkişaf etdirmişik. Bu, həmin hədəfli sanksiyaları işlətmək üçün kamil situasiyadır”. Bunları Freedom House təşkilatının prezidenti Mark Lagon deyib.
 
Hüquq müdafiəçisi Arzu Abdullayeva Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, sanksiyalar daha çox dövlətə qarşı deyil, ayrı-ayrı məmurlara qarşı tətbiq edilməlidir: “Azərbaycana sanksiyaların tətbiq edilməsi yüksək səviyyəli təşkilatlarda müzakirə edilib. Vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri ilə də müəyyən məsləhətləşmələr aparılıb. Bu istiqamətdə müəyyən bir ortaq rəyə də gəlinib. O da bundan ibarətdir ki, sanksiyalar daha çox dövlətə qarşı deyil, ayrı-ayrı məmurlara qarşı tətbiq edilsin. İnsan haqları ilə bağlı daha çox adları hallanan məmular Qərbin müəyyən sanksiyalarına məruz qalsın. Bu sanksiyalar həmin məmurların Qərbə getməsini məhdudlaşdıracaq. Bu siyahı əsasən hakimlər, prokurorlara qarşı tətbiq edilə bilər. Çünki, vətəndaş cəmiyyəti fəallarına qarşı qanunsuz yerə hökm çıxarılmasında bu insanlar birbaşa iştirak edir. Artıq belə rəy formalaşıb və bu ideyanı dəstəkləyənlər daha çoxdur. Dövlətə qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı da fikirlər səsləndirilir. Amma onlar azlıq təşkil edir”. /

Google+ WhatsApp ok.ru