Ayətullah Məkarim Şirazi siqaretin haram olması barədə danışıb

`Biz, mütəxəssislərin mövzu ilə əlaqədar sözünü qəbul etməliyik, həmçinin bu qədər zərəri olan bir şeyin haramlığına hökm etmək lazımdır`

Ayətullah əl-uzma Məkarim Şirazi fiqhin ali mühazirəsində fiqhi, elmi və tibbi dəlillərə əsaslanaraq siqaret və digər tütün məmulatlarından istifadənin haramlığını bir daha vurğulayıb və xalq, media və dövlət strukturlarını onunla mübarizəyə səsləyib.
 
Maide.az xəbər verir ki, o, çıxışının davamında tütün məmulatlarının haramlığı fətvasına işarə edərək belə buyurub: “Siqaret barədə fətva verib dedik ki, siqaret və tütün məmulatlarından istifadə etmək haramdır. Bu barədə dəlilimiz aydın və şəffafdır. Bu istiqamətdə təşəbbüs göstərən həkimlər mənimlə görüşdə insanın siqaret və tütün məmulatlarından istifadə nəticəsində 120 növ xəstəliyə yoluxduğunu bildirdilər. Xərçəng, atoreskleroz (damar tutulmaları) , beyin iflici və qəlb infarktı kimi ağır xəstəliklər də bunların arasındadır”.
 
O, fikirlərinə belə aydınlıq gətirib: “Biz, mütəxəssislərin mövzu ilə əlaqədar sözünü qəbul etməliyik, həmçinin bu qədər zərəri olan bir şeyin haramlığına hökm etmək lazımdır. Fiqhdə bir iş insan sağlamlığı üçün təhlükəlidirsə, deyilir ki, onu etməyin. Mütəxəssislər siqaret və tütün məmulatlarının böyük zərərlərinə sübut etdikləri halda, onun haramlığına necə hökm verməmək olar? Statistik məlumatlara əsasən, siqaret və qəlyan çəkmək nəticəsində həyatını itirənlərin sayı, yol qəzalarında ölənlərin sayından qat-qat çoxdur. Təəssüflər olsun ki, siqaret milyardlarla pulu puça çıxarır, xəstəlikləri çoxaldır, ekologiya və atmosferi çirkləndirir və bu, çox böyük israfdır."

Google+ WhatsApp ok.ru