Azərbaycanda hər dördüncü bank zərərlə işləyir

Samir Əliyev: «Həmin bankların gəlirləri az olsa da, xərcləri həddindən artıq çoxdur»

Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq Valyuta Fondunun açıqladığı son məlumatlar maraq doğurur. Aparılan müqayisəyə görə, aktivlərin gəlirliliyi üzrə Azərbaycan bank sisteminin göstəricisi orta səviyyədədir. Müqayisə olunan ölkələrdən ən yüksək gəlirlilik Argentinada (4,7 faiz), Türkiyədə (2,2 faiz), Rusiyada (1,9 faiz), aşağı gəlirlilik Polşada (1,2 faiz), Xorvatiyada (0,3 faiz), müşahidə edilib.
Azərbaycan banklarının kapital gəlirliliyi isə 11,7 faizdir. Aktivlərdən fərqli olaraq kapital gəlirliliyi müayisə edilən ölkələrin orta göstəricisindən aşağıdır. Kapital gəlirliliyi Argentinada 40,6 faiz, Gürcüstanda 21,1 faiz, Türkiyədə 19 faiz, Rusiyada 14 faiz, ABŞ-da 3 faiz, Ukraynada 0,8 faizdir.
AMB bildirir ki, bank biznesinin ümumi səmərəliliyi üzrə Azərbaycan bank sistemi əlverişli mövqedədir. Azərbaycan banklarında inzibati (qeyri-faiz) xərclərin ümumi gəlirlərdə payı sistem üzrə 36,3% təşkil edir.
Müqayisə edilən ölkələrdə isə bu göstərici 56,7% təşkil edir. Belarusda ümumi səmərəlilik 92,7 faiz, Rusiyada 66,3 faiz, ABŞ-da 65,3 faiz, Türkiyədə 48,7 faiz, Qazaxıstanda 35,4 faizdir.
Daha bir maraqlı məlumat isə ölkədə hər 1000 nəfərdən 274-nün banklarda kredit hesabına sahib olmasıdır.
 
İqtisadçı ekspert Samir Əliyev bildirdi ki, hazırda rəsmi olaraq 2 milyon insan kredit ödəyicisidir. S.Əliyev bildirdi ki, ölkədə bir kredit götürənin ən azı üç kredit tarixçəsi var: «Azərbaycanda hətta bəzən insanlar özləri üçün deyil başqaları üçün kreditə girirlər. Bunun da səbəbi odur ki, həmin şəxslərin özləri kredit götürə bilmirlər. Bu ya onların əmək haqlarının aşağı olmasından, ya da kredit tarixçəsinin pis olmasından irəli gəlir. Köhnə kreditlərin bağlanması məqsədi ilə də kreditlər götürülür».
Azərbaycanda bankların aktivlərinin artım tempinin yüksək olduğunu deyən S.Əliyev bildirdi ki, kapitallaşmada da artım müşahidə olunur ki, bunun da səbəbi Mərkəzi Bankın banklardan kapiatallarını artırması ilə bağlı tələb irəli sürməsidir. Aktivlərin gəlirliyinə gəlincə isə, burada söhbət bankın göstərdiyi fəaliyyət nəticəsində əldə etdiyi gəlirdən söhbət gedir: «Amma son məlumata görə Azərbaycanda bu gün 10 bank zərərlə işləyir. Ölkədə hər dördüncü bank faktiki zərərlə işləyir. Həmin bankların gəlirləri az olsa da, xərcləri həddindən artıq çoxdur. Bu gün bizim banklar diqqəti daha çox kredit qoyluşuna yönəldib. Bu gün Azərbaycan bankları inkişaf etmiş dövlətlərin dünya səviyyəsində göstərdiyi xidmətləri təklif edə bilmir». (azadliq.info)

Google+ WhatsApp ok.ru