Azərbaycanın üçqat dünya çempionuna 12 il 6 ay həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamına hədə-qorxu gələrək külli miqdarda pul tələb edən Şəmkir rayon sakini, peşəkar idmançı, güləş üzrə üçqat dünya çempionu Saday İsmayılovun və Vaqif İbadovun məhkəmə prosesi yekunlaşıb.
 
Prosesə hakim Rasim Sadıxov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Saday İsmayılov 12, 6 il, Vaqif İbadov isə 13,6 il müddətinə azadlıqdan məhrum ediliblər.
 
Xatırladaq ki, Saday İsmayılov 9 avqust 2013-cü ildə tanışı Vaqif İbadovla birlikdə biznesmen Əli Məmmədovu hədələyərək ondan 500 min manat pul tələb etməkdə ittiham olunublar. Əli Məmmədov əvvəlcə pul verməkdən imtina etsə də, sonradan 120 min manat verməyə razılaşıb.
 
Bu səbəbdən tanışı İmran adlı şəxsə zəng edərək 120 min manat gətizdirib. Həmin məbləği alan S.İsmayılov Ə.Məmmədovu azad buraxıb.
 
Növbəti dəfə S.İsmayılov Ə.Məmmədovu hədələyərək 150 min manat tələb edib. Hədə-qorxulardan təngə gələn Ə.Məmmədov bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Onun şikayəti əsasında idarə əməkdaşları əməliyyat keçirib, S.İsmayılov və V.İbadov həbs ediliblər.
 
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar.
 
Qeyd edək ki, S.İsmayılov Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə şöbə müdiri olub. 2009-cu ildə Federasiyanın idman şöbəsində ştatdankənar əməkdaş kimi fəaliyyət göstərib.

Google+ WhatsApp ok.ru