Azərbaycanın ÜTT dirənişi - kim nədən narazıdır?

Ekspertlər bildirirlər ki, ÜTT-yə üzv olmaq Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin aşağı düşməsi fonunda daha vacibdir...

Bir neçə gün əvvəl Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul olunması Azərbaycanla bağlı məsələni yenidən gündəmə gətirib. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin müraciətində deyilir ki, “Bizim ticarətimizin 90 faizi ÜTT-yə üzv dövlətlərin payına düşür. Ona görə də müvafiq qərar bizim üçün çox vacibdir. Qazaxıstan həm xarici, həm də yerli investorlar üçün cəlbedici olur.
 
Biz yeni məhsullar və iş yerləri yaratmaq üçün imkan əldə edirik”. Qazaxıstan ÜTT-nin 162-ci üzvü olacaq. “Dünyanın bütün iri iqtisadçıları Qazaxıstanı beynəlxalq hüquq normalarına uyğun ticarət siyasəti aparan əlverişli investisiya imkanına malik ölkə kimi tanıyıblar”, -deyə sənəddə qeyd olunub. Qeyd edək ki, Qazaxıstan ÜTT-yə üzv olmaq üçün 1996-cı il yanvarın 29-da ərizə verib.
 
Yerli ekspertlər isə bildirirlər ki, Azərbaycanın bu quruma nə vaxt üzv olacağı bəlli deyil. Yəni hökumət üzvlüyün yaxın illərdə mümkün olacağına o qədər də inanmır. Həmçinin qeyd edilir ki, Azərbaycan ÜTT-yə üzvlüyünü gecikdirməklə çox böyük risk altına girir. Gecikmə ölkəni gələcəkdə əsassız tələblərlə üz-üz qoya bilər. Ancaq ortalıqda siyasi iradə olsa, Azərbaycanın qısa zamanda təşkilata üzv olması mümkündür.
 
Ekspert Vüqar Bayramovun sözlərinə görə, digər MDB ölkələrinin, Rusiya və Qazaxıstanın da ÜTT-yə üzv olması Azərbaycanın üzvlük məsələsini daha da aktuallaşdırır: “Bu, yalnız iqtisadi baxımdan deyil, eyni zamanda psixoloji baxımdan da Azərbaycanın ÜTT-yə üzv olmasını sürətləndirə bilər. Baxmayaraq ki, Azərbaycan hələlik üzv olmaq niyyətində olmadığını müəyyən edib. Buna rəğmən, güman olunur ki, MDB ölkələrinin Ümumdünya Ticarət Təşkilatına üzv olması Azərbaycanın bu qurumla danışıqlarının sürətlənməsinə gətirib çıxara bilər. Bu, birmənalı şəkildə həm də ona görə vacibdir ki, Azərbaycan üçün daxili bazarda rəqabətin güclənməsi, eyni zamanda ixracatın artırılması baxımından kifayət qədər müsbət təsirlərə malik olacaq. Azərbaycan iqtisadiyyatının MDB üzvlüyünə hazır olması olduqca vacibdir. Yalnız müsbət deyil, müəyyən neqativ də təsirləri olacaq. Məsələn, aqrar sektorda və daxili bazarda rəqabətin qorunması və xarici kapitalın ölkəyə daxil olması səbəbindən yerli iş adamlarının rəqabət qabiliyyətinin aşağı düşməsi ehtimalı var. Və bəzi kiçik və orta müəssisələrin müflis olması kimi müəyyən risklər var. Amma bu risklərə rəğmən, ölkənin ÜTT-yə üzvlüyü olduqca vacibdir. Hazırda Azərbaycanla ÜTT arasında aparılan danışıqlarda daha çox problem doğuran məsələlər Azərbaycanın quruma inkişaf etməkdə olan ölkə kimi daxil olmaq istəməsidir. Çünki bu zaman güzəştlər olacaq. Qurumla danışıqlar xeyli müddətdir,  1997-ci ildən davam edir. Bu, əslində göstərir ki, bu müddətdə Azərbaycanla ÜTT arasında standartlarla bağlı 80 faizə yaxın məsələlər razılaşdırılıb. O baxımdan, Azərbaycan qərar verərsə, bu halda növbəti bir il ərzində üzv olması realdır. ÜTT-yə üzv olmaq Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin aşağı düşməsi fonunda daha vacibdir. Bu baxımdan, danışıqların sürətlənəcəyini güman edirəm”..
 
 
Ekspert Natiq Cəfərli "Yeni Müsavat"a bildirib ki, Azərbaycan ÜTT ilə danışıqlara Gürcüstan, Ermənistan və Rusiya ilə birlikdə başlamışdı: “Qazaxıstan hətta bizdən 7-8 il sonra danışıqlara başlayıb, bu gün artıq üzv olub. Gürcüstanla Ermənistan 2004-cü ildə üzv olublar. Rusiya isə 2013-cü ildə üzvlüyünü rəsmiləşdirdi. Regionda demək olar ki, bizdən başqa ÜTT-yə üzv olmayan ölkə qalmayıb. Hətta İran da müraciət etdi. Azərbaycan hökuməti 1997-ci ildən bəri ÜTT ilə danışıqlar aparır. Amma bütün ölkələr üzv olmaq üçün danışıqlar apardığı təqdirdə, Azərbaycan hökuməti sanki üzv olmamaq üçün danışıqlar aparır. Yəni bütün maneələr Azərbaycan hökuməti tərəfindən yaradılır. Gürcüstana, Ermənistana üzvlük təklif olunanda, onlarla birlikdə Azərbaycana da təklif olunmuşdu. Amma Azərbaycan imtina etdi. İmtina edərkən Azərbaycan hökumətinin bircə gətirdiyi arqument var ki, Azərbaycan daxili bazarını qorumaq istəyir. Daxili bazarını qorumaq üçün də quruma üzv olmur. Əslində çox bəsit və yalan bəhanədir. Çünki daxili bazarı qorumaq istəyən ölkə yerli istehsalı gücləndirərdi. Son illərdə biz əksini görürük. Yerli istehsalın zəifləməsi və yerli istehsala aid olan sahələrdə geriləmələr görürük. İxracatda belə geriləmələr var. Buna görə də gətirilən arqument heç də yerində işlədilən arqument deyil. İkinci səbəb kimi deyirdilər ki, kənd təsərrüfatı sahəsini qorumaq üçün belə edirlər. Əgər ÜTT-yə üzv olsaq, xarici mallar ölkə bazarına daxil olacaq, yerli fermerlərin öz işlərində əngəllər törədəcək, onlara maneçilik törədəcək. Bunların, gətirilən bəhanələrin heç biri doğru -dürüst məsələ deyil. Azərbaycanın ÜTT-yə üzv olmamasının yeganə səbəbi odur ki, oraya üzvlük gömrükdə və vergidə yeni oyun qaydalarının, beynəlxalq standartlara uyğun qaydaların götürülməsinə xidmət etməlidir. Azərbaycan Beynəlxalq Ticarət Arbitrajının yuridiksiyasını qəbul edir. Gömrükdə və vergidə istədiyi qaydaları tez-tez dəyişərək, istədiyi inhisarçı qaydalar gətirməkdən məhrum olacaq. Ona görə də Azərbaycan hökumətində iri çaplı məmurlar bu işi sapotaj edirlər ki, Azərbaycan ÜTT-yə üzv olmasın. Çünki onların birbaşa şəxsi maraqlarına toxunur, ticari maraqlarına toxunur. Əgər ölkə ÜTT-yə üzv olsa, əsasən də istehlakçılar üçün ciddi irəliləyiş olacaq, ciddi üstünlüklər olacaq. Azərbaycan bazarı keyfiyyətli və ucuz mallara açıq olacaq. Azərbaycan gömrüyündə şəffaflıq artacaq. Azərbaycanın yerli biznesmenləri də xaricə mal ixrac edərkən daha şəffaf qaydalardan istifadə edəcəklər”. 
 
Ekspert qeyd edib ki, problemlər də var: “Azərbaycan iqtisadiyyatı o qədər zəifdir ki, bu da hökumətin günahıdır. 20 ildə rəqabətli iqtisadi model qura bilməyib. Azərbaycan iqtisadiyyatı o qədər zəifdir ki, xarici rəqabətdə davam gətirməyə bilər. Amma bunun üçün də ÜTT-nin müəyyən rıçaqları var. Üzv olarkən, müəyyən güzəştlər qazana bilər. Hökumətin fikri olarsa, çoxdan ÜTT-yə üzv olardı. Bununla bağlı heç bir əngəl yoxdur. Yeganə əngəl indiki sistemi ayaqda saxlamaq, inhisarçı və korrupsiya modelini, əsasən də gömrük sistemini ayaqda saxlamağa xidmət edir”.

Google+ WhatsApp ok.ru