Azərbaycanın narkoman uşaq və qadınlarının sayı açıqlanıb

Hər il dünyada narkotik istifadəçilərinin sayı artır. Narkotiklərdən istifadə 2012-ci ildə 183 000 nəfərin ölümünə səbəb olub. Təəssüf ki, onların arasında yeniyetmə və qocalar da var. Azərbaycanda isə 28 656 nəfər narkoman kimi qeydiyyatdadır.
 
Bu barədə Maide.az-a Səhiyyə Nazirliyindən məlumat veriblər. Nazirlikdən deyiblər ki, ümumilikdə narkomanlar arasında 15-64 yaşlılar üstünlük təşkil edib.
 
Narkotiklərdən ilk istifadənin əksər halları məhz 15 yaş dövründə baş verir (narkomaniya xəstəliyinin 70% yaxın halları). Narkotik vasitələrin təsiri (uzun müddətə narkotiklərlə zəhərlənmə) inkişafda olan orqanizmə məhvedici təsir göstərir.
 
Rəsmi statistikaya əsasən, Azərbaycanda 2013-cü ildə narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfər olub. onlardan 4-ü 15-17 yaş, 1324-ü 18-24 yaşlı olub. Narkomanların 20-si qadınlardır. 25-29 yaş arasında olan şəxslər 3850 nəfərdir ki, onların da 43 nəfəri qadındır. 2014-cü ildə narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər olub. Onlardan 5-i 15-17 yaş, 1403-ü 18-24 yaş, 3999-u isə 25-29 yaşlıdır.
 
2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir.
 
Ölkəmizdə narkomaniyaya düçar olmuş insanların normal həyata və cəmiyyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 3 Dövlət Proqramı” təsdiq edilib. İkinci proqram isə tam icra olunub.
 
Proqramın məqsədi narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin kompleks müalicə-reabilitasiya və resosializasiya tədbirlərinə cəlb edilməklə, narkotik vasitələrə və psixotrop maddələrə olan tələbatın azaldılması; proqram çərçivəsində narkotik istifadəçilərinin aşkar edilməsi və proqramlara cəlb edilməsi sisteminin yaradılması; narkotik istifadəçilərinin kompleks reabilitasiya və resosializasiya proseslərini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi; narkomanlığın müalicəsi ilə məşğul olan tibbi kadrların potensialının gücləndirilməsi; narkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi; əhali arasında narkomanlığın zərəri barədə maarifləndirmə işinin gücləndirilməsi; kompleks reabilitasiya kursunu müvəffəqiyyətlə başa çatdırmış narkotik istifadəçilərinin resosializasiya və postreabilitasiya sosial patronajlıq sisteminin təşkilidir.
 
Narkomaniyanın ilkin profilaktikası və antinarkotik təbliğatın həyata keçirilməsi məqsədi ilə bu problemin müxtəlif aspektlərini işıqlandıran “Narkotiklər barəsində həqiqəti bilin” adlı yaddaş jurnalı və “Alkoqolizm” və “Psixoaktiv maddələrdən asılılıq” adlı bukletlər hazırlanıb Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bütün şəhər və rayonlar üzrə şöbələrinə, Bakı şəhərinin rayon polis idarələrinə göndərilib.
 
Narkomanlıq meyillərinin ilkin profilaktikası üçün təhsil müəssisələrində seçmə yolla ardıcıl profilaktik baxış keçirilməsi vacibdir. Profilaktik baxışın məqsədi narkotik maddələrdən asılılığa düçar olan gənclərin mümkün qədər erkən müəyyən olunması və davranışlarının tənzimlənməsi üzrə konkret tədbirlərin işlənib hazırlanmasıdır.
 
Anti-narkotik təbliğat üzrə tədbirlər ilk növbədə “risk qrupu”na daxil olan yeniyetmələr, xüsusilə narkotik maddələrin qeyri-tibbi istifadəsi haqqında ən azı bir dəfə məlumatı olan və ya davranışında asosial meyillər müşahidə edilənlər arasında aparılmalıdır.

Google+ WhatsApp ok.ru