Bakı türk TIR-larından nə qədər qazanacaq?

Türkiyə iş adamlarının öz yükdaşımalarını daha çox Azərbaycan ərazisi vasitəsilə daşıması ölkəmiz üçün tranzit haqqı deməkdir.
 
Maide.az xəbər verir ki, bu sözləri Türkiyə TIR-larının Azərbaycan vasitəsilə Orta Asiyaya çatdırılması məsələsi ilə bağlı axar.az-a danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert Azərbaycanın atdığı bu addımı dövlət gəlirlərinin artırılması baxımından vacib hesab edir:
 
"Azərbaycan hökuməti ölkə ərazisindən tranzit olaraq malların daşınmasının asanlaşdırılması ilə bağlı son dövrlər bir neçə islahat aparıb. Oktyabrda Prezident İlham Əliyevin imzaladığı fərmanla yükdaşımaların elektronlaşdırılması Nazirlər Kabinetinə tapşırılıb. Həmin fərmanda həm yükdaşımalarla bağlı elektron sistemin tətbiq edilməsi, həm də tariflərin aşağı salınması və vahid tarif sistemi məsələsi öz əksini tapıb. Bu baxımdan Azərbaycan üçün birmənalı şəkildə tranzit ölkə kimi bu imkandan faydalanmaq, yalnız Türkiyə deyil, digər ölkələrin də yükdaşımalarının ölkə ərazisi vasitəsilə həyata keçirilməsi iqtisadi baxımından olduqca əhəmiyyətlidir. Türkiyə iş adamlarının öz mallarını Azərbaycandan Orta Asiya və ya digər ölkələrə keçirməsinə şərait yaradılmasını hər şeydən öncə ölkə başçısının Türkiyəyə dəstəyi kimi də qiymətləndirmək lazımdır. Çünki xüsusi güzəştlər tətbiq edilib və tranzit vizası aradan qaldırılıb. Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. Dövlət başçısı Türkiyə xarici işlər nazirini qəbul edən zaman qeyd etdi ki, Azərbaycan Rusiya və Türkiyə ilə tərəfdaş və strateji əməkdaşlıq edən ölkədir və bu gərginliyin yaranmasında maraqlı deyil. Bununla yanaşı, Azərbaycan çalışacaq ki, iki tərəf, strateji müttəfiqləri bu gərginlikdən iqtisadi ziyan çəkməsin".
 
İqtisadçının sözlərinə görə, Azərbaycan yükdaşımaların həcminin artmasında birmənalı şəkildə maraqlıdır:
 
"Çünki tranzit ölkə tranzit gəlir deməkdir. Türkiyə iş adamlarının öz yükdaşımalarını daha çox Azərbaycan ərazisi vasitəsilə daşıması ölkəmiz üçün həm də əlavə gəlir deməkdir. Ona görə də Azərbaycan yükdaşımaların həcminin artmasında birmənalı şəkildə maraqlıdır. Əslində, yükdaşımalar Azərbaycan üçün qeyri-neft sektorunun inkişafında əsas istiqamətdir. Nəzərə alaq ki, Ələtdə xüsusi port yaradılır və Bakı-Tiflis-Qars dəmiryolu xətti istifadəyə verildikdən sonra yükdaşımaların artması Azərbaycan üçün qeyri-neft sektorunda əsas prioritet istiqamətlərdən biri olacaq. Bu isə dövlət büdcəsinə daxil olan vəsaitlərin həcminin artmasına imkan verəcək. Hələlik Azərbaycanın bu tranzit yükdaşımalarından əldə edəcəyi gəlirləri rəqəmlərlə ifadə etmək çətindir. Bu göstəricilər yükdaşımalar həyata keçirildikdən sonra məlum olacaq".
 
Qeyd edək ki, Türkiyədən Orta Asiyaya gedən TIR-lar Azərbaycan ərazisindən tranzit kimi istifadə edəcək. Prezident İlham Əliyevin göstərişi ilə TIR-ların ölkə ərazisindən keçidi asanlaşdırılıb. Belə ki, Türkiyədən gələn yüklər paytaxt Bakıdan Xəzər vasitəsilə Aktau (Qazaxıstan) və Türkmənbaşı (Türkmənistan) limanlarına çatdırılacaq.

Google+ WhatsApp ok.ru