Banklar dollar kreditlərini niyə manata çevirirlər?

Samir Əliyev: «Banklar vətəndaşın riskini müəyyən qədər üzərinə götürür ki, sabah daha çox ziyana düşməsinlər»

Azərbaycan banklarının xarici valyutada kredit verməyi dayandırmaq qərarı risklərdən sığortalanmaq istəyi ilə əlaqədardır.
 
Bu barədə bəzi bankların həm nağd, həm də kart vasitəsilə dollarla kredit verməyi dayandırması ilə bağlı xəbərə münasibət bildirən Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib. AMB-dən bildirilib ki, Mərkəzi Bank banklara kreditləri yalnız manatla verməklə bağlı göstəriş verməyib: “Qanunvericiliyə əsasən, ölkə ərazisində fəaliyyət göstərən bankların hansı valyutada kredit verməklə bağlı müstəqil seçim etmək hüququ var. Hər bir bank özünün kredit siyasətini həyata keçirir. Belə bir qərarla onlar özlərini risklərdən sığortalamaq istəyirlər”.
 
Xarici valyutada kreditin verilməsi ilə yanaşı, banklar müştərilərə dollarla olan mövcud borclarını manata köçürmək imkanı təklif edir. Bu proses manatla yeni kreditin alınması və bu vəsaitlə xarici valyutada kreditin ödənilməsi vasitəsilə mümkündür.
 
Bununla yanaşı, bazarda həm manat, həm də dollarla kredit verməyə davam edən banklar qalıb.
 
Ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankı bir müddət bundan əvvəl kreditlərin yalnız manatla verilməsi ilə bağlı qərar qəbul etmişdi.
 
Bankların bu cür davranması, xarici valyutada kredit verməkdən imtina etməsi qonşu ölkələrin devalvasiya proseslərinin gücləndiyi valyuta bazarının vəziyyəti və Azərbaycan manatının məzənnəsinin dəyişəcəyi təqdirdə bankların özlərini risklərdən sığortalamaq istəyi ilə izah edilir.
 
Bəs bu cür addım bankları manatın devalvasiyası baş verərsə itkilərdən sığortalayırmı?
 
İqtisadçı Samir Əliyev "Azadlıq"a bildirib ki, birinci devalvasiyadan sonra banklar çox böyük ziyana düşdülər. Bu zərərin bir sıra səbəblərdən baş verdiyini deyən S.Əliyev bildirdi ki, valyuta mövqeyinə görə banklar bir gecənin içində yüz milyonlarla zərər etdi. Problemli kreditlərin devalvasiyadan sonra daha aktuallaşdığını vurğulayan S.Əliyev bildirdi ki, bu ilk zərbəni dollar kreditlərinə vurdu: “Devalvasiyadan sonra dollar kreditləri ilə olan aylıq ödənişlər 34 faiz artdı. Vətəndaşların bir qismi isə bunu ödəyə bilmədi. Banklar hələ də dəyən bu ziyanın altından çıxa bilmirlər.  Hazırda 60-70 faiz problemli krediti olan banklar var. Bütün bunların səbəbi devalvasiya, dollar kreditlərinin vurduğu zərbədir. Ona görə də bir neçə bank özlərini sığortalamaq üçün dollarla olan krediti manata çevirir. Mətbuatda bu bəzən faciə kimi dəyərləndirilir. Amma əslində bu başa düşülən addımdır. Əgər mənim dollar kreditim olsa və mənə bank müraciət etsə ki, onu gəlin manata dəyişək, mən bununla iki əlli razılaşardım. Dostlarımı da məsləhət görürəm ki, dollar kreditiniz varsa onu manata çevrin. Bir müddət manatla kredit almaq mümkün deyil. Amma artıq bir şans yaranıb. Amma bütün banklar bunu etmir”.
 
Bankların dolar kreditini manata çevirməsi nəticəsində hansı risklərdən qaçdığınıa gəlincə isə, S.Əliyev bildirdi ki, əgər ikinci devalvasiya olarsa, bu dollarla olan kreditlərin aylıq ödənişini artıracaq. Bu devalvasiyanın həcmindən asılı olacaq. Banklar aldıqları zərbələrdən hələ tam qurtula bilməyibləpr, üstəgəl ikinci devalvasiya onların durumunu daha da ağırlaşdıracaq. Əgər vətəndaşa banklar dollar kreditini manata dəyişməyi təklif edirsə, onlar bundan istifadə etsin. Çünki manatın bahalanma ehtimalı yoxdur. Ən yaxşı halda manat sabit qalacaq amma biz dəfələrlə bəyan etmişik ki, manatın sağlam qalmasındansa devalvasiya riski daha yüksəkdir: “Banklar vətəndaşın riskini müəyyən qədər üzərinə götürür ki, sabah daha çox ziyana düşməsinlər. Mərkəzi Bank da bu adımı dəstəkləyir. Bankların sərbəst təşəbbüsü kimi qiymətləndirir. Indi elə bank da var ki, bu addımı ata bilmir. Çünki onların xaricdən aldıqları borclar çoxdur. Ona görə onlara bu addımı atmaq sərf etmir. Əgər devalvasiya olarsa, bankların borc qaytarmasında problem yaşana bilər”.

Google+ WhatsApp ok.ru